"Millidə nəticə vermək üçün yaxşı oynamaq lazımdır. Yığmada məsuliyyət daha çoxdur. Bu barədə danışmaq bir az çətindir. Sadəcə, meydana çıxıb ən yaxşısını etməlisən. Alınsa, hamı sizi tərifləyəcək".
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Bakıda İrlandiya millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
29 yaşlı yarımmüdafiəçi ölkə xaricində oynayan futbolçuların yığmada istənilən səviyyədə çıxış etməməsinin səbəbinə də toxunub. O bildirib ki, legionerlərə vaxt lazımdır: "Mahir Emreli bizi Polşada çox yaxşı təmsil edir. Görürlər ki, bizdən də yaxşı futbolçular çıxır. Həm Mahirin, həm də digər legionerlərin millidə də inamlı çıxış edəcəyinə inanıram".
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - İrlandiya görüşü saat 20:00-da başlayacaq.