"Adətən gülərüz insanam, dostların əhatəsində zarafat etməyi xoşlayıram. Kinli deyiləm. Çalışıram heç kimin qəlbinə toxunmayım".
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Emin Mahmudov öz xarakteri barədə danışarkən deyib.
29 yaşlı yarımmüdafiəçi bildirib ki, heç kimin haqqına girməz, insanların qəlbinə toxunacaq şeylər etməz: "Daha doğrusu, etməməyə çalışıram. Bir də heç vaxt spirtli içki içməmişəm və içmərəm. Hər bir insan kimi, mən də gələcək haqqında düşünürəm. Sadəcə, xəyal qurmağı xoşlamıram. Qarşıma qısa məqsədlər qoyuram. Hər oyun daha yaxşı oynamaq üçün çalışıram".
Təcrübəli oyunçunun sözlərinə görə, həyat ona səbr etməyi öyrədib: "Bəzən elə hallar olur özündən çıxırsan, səbrin tükənir. Amma bir az özünü ələ alıb, səbr edirsən, hər şey düzəlir. Daha təmkinli olmağa çalışıram. Misal üçün, əvəllər tənqid ə çox pis olurdum, həmçinin təriflənəndə çox sevinirdim. Artıq bu cür şeyləri özümə dərd etmirəm. Belə demək mümkünsə, artıq böyümüşəm".
Mahmudov xəyanəti bağışlanmaz səhv hesab etdiyini söyləyib: "Birmənalı olaraq, xəyanəti heç vaxt bağışlamaram. Qalan digər məsələlərdə ortaq yol tapmaq olar. Bir insandan qəlbim döndüsə, onu bağışlayıram, amma münasibətimiz heç vaxt əvvəlki kimi olmur. Bu xüsusiyyətimi bəyənmirəm. Bu da məndən asılı olan şey deyil. Bəlkə zamanla dəyişər".
"Ağ-qaralar"ın kapitanı deyib ki, futbol onun həyatıdır: "Necə deyərlər, özümü dərk edəndən bu idman növü ilə məşğulam. Karyeramı bitirdikdən sonra da özümü futbol təsərrüfatında görürəm. Ya məşqçi, ya da idarəçi kimi. Bu gün belə düşünürəm, ancaq gələcəkdə nələr olacağını indidən deyə bilmərəm. Bəlkə nə zamansa futboldan usandım".
Futbolçu ötən mövsüm "Neftçi"nin Premyer Liqada qazandığı çempionluğa da toxunub: "Mövsümə yaxşı başlamamışdıq, üstəlik, çempionluq yarışında əsas rəqibimiz “Qarabağ”a 0:6 hesabı ilə uduzmuşduq. Bu cür psixoloji gərginliyin altında çempionluğu qazanmaq sözlə ifadə olunmayacaq hisslərdir. Hər oyuna final qarşılaşması kimi ciddi yanaşdıq. Çempionluğun sonuncu oyunda, son dəqiqələrdə qazanılması bizim üçün mövsümün kuliminasiya nöqtəsi idi. Karyeramda ilk çempionluq idi, ürəyimin döyüntüləri daha da artmışdı".