"Həmkarlarımla bizim üçün vacib və uyğun meyarlar əsasında apardığım ciddi və hərtərəfli təhlildən sonra bu oyunçu qrupunu seçmə mərhələnin qarşıdakı 3 oyununa dəvət etmək qərarına gəldim".
"Report"un məlumatına görə, bu fikirləri Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç federasiyanın rəsmi saytına açıqlamasında heyətə çağırdığı oyunçular barədə danışarkən deyib.
Düşərgəyə 30 futbolçu dəvət edən 56 yaşlı mütəxəssis yığmanın qapısının hər kəsin üzünə açıq olduğunu bildirib: "Bu, geniş heyətdir. Qeyd etmək istərdim ki, potensial milli üzvlərindən heç kimi diqqətdən kənarda qoymamışam. Yığmanın qapısı izlədiyim bütün futbolçuların üzünə açıqdır. Matiya Nastasiç və Miyat Qaçinoviç zədədən sağalma mərhələsindədirlər".
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığma serbiyalılarla ilk oyununu martın 30-da Bakı Olimpiya Stadionunda keçirəcək.