Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə 3 matç keçiriləcək. "Qarabağ"ı III təsnifat mərhələsində mübarizədən kənarlaşdırmış Norveç "Molde"si Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq. İlk matçda Budapeşt komandası səfərdə 3:3 hesablı heç-heçə etdiyindən, ev qarşılaşmasında üstünlüyə malikdir.
Ukrayna "Dinamo"su Belçikada 2:1 hesabı ilə yendiyi Belçika "Gent"ini qəbul edəcək. Kiyevlilər də bu görüşdə üstün tərəfdirlər.
Kipr "Omoniya"sının isə "Olimpiakos"dan Yunanıstandakı 0:2 hesablı məğlubiyyətin əvəzini evdə çıxa biləcəyi inandırıcı görünmür.
Qalib komandalar Çempionlar Liqasının, məğlublar isə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqlar.
29 sentyabr
Çempionlar Liqası, pley-off mərhələsi
Cavab görüşləri
23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Gent" (Belçika)
İlk oyun - 2:1
23:00. "Omoniya" (Kipr) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 0:2
23:00. "Ferentsvaroş" (Macarıstan) - "Molde" (Norveç)
İlk oyun - 3:3
Qeyd edək ki, qalan 3 cavab görüşü sentyabrın 30-da keçiriləcək.