Emreli dubl edib əsgər salamı verdi, "Legiya" qələbə qazandı - YENİLƏNİB - 2
- 07 iyul, 2021
- 17:52
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib.
"Report"un məlumatına görə, Varşava təmsilçisi Norveçdə "Budyo Qlimt"in qonağı olub.
Qarşılaşma "Legiya"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Polşa çempionunun 2-ci və 3-cü qollarını Emreli vurub. 24 yaşlı hücumçu 41 və 61-ci dəqiqələrdə fərqlənib.
Forvard ikinci qolu vurduqdan sonra əsgər salamı verib.
Komandalar arasında cavab matçı bir həftə sonra Varşavada olacaq.
21:20
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində Çempionlar Liqasında ikinci qolunu vurub.
"Report"un məlumatına görə, 24 yaşlı hücumçu Norveçdə "Budyo Qlimt"ə qarşı I təsnifat mərhələsinin ilk oyununda dubl edib. O, 61-ci dəqiqədə fərqlənərək, komandasının üstünlüyünü 2 topa çatdırıb - 3:1.
20:43
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində ilk qolunu vurub.
"Report"un məlumatına görə, 24 yaşlı hücumçu Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundaca fərqlənib. Norveçdə "Budyo Qlimt" klubu ilə ilk qarşılaşmada Emreli start "11-liy"ində yer alıb. O, 41-ci dəqiqədə fərqlənərək, komandasının üstünlüyünü möhkəmlədib - 2:0.
19:41
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində ilk rəsmi matçını bu gün keçirəcək.
"Report"un məlumatına görə, 24 yaşlı hücumçunun Varşava təmsilçisinin heyətində debütü Çempionlar Liqasının I təsnifat mərhələsinə təsadüf edəcək. Norveçdə "Budyo Qlimt" klubu ilə ilk qarşılaşmada Emreli start "11-liy"ində yer alacaq.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.