Canni De Byazi: "Məğlubiyyətə baxmayaraq, meydanda əsl komanda gördük"

Canni De Byazi: "Məğlubiyyətə baxmayaraq, meydanda əsl komanda gördük" "Oyuna çox yaxşı başladıq. Yaxşı imkanımız oldu Təbii ki, bəxtimiz gətirmədi. Matçdan sonra futbolçulara da dedim ki, bu məğlubiyyətdən razı qala bilmərik. Bu gün əsl komanda gördük"
Futbol
29 Mart , 2022 17:06
Canni De Byazi: Məğlubiyyətə baxmayaraq, meydanda əsl komanda gördük

"Təbii ki, məğlubiyyətdən razı qala bilmərik, amma azlıqda oynamağımıza baxmayaraq, bu gün meydanda sonadək mübarizə aparan əsl komanda gördük".

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Maltadakı təlim-məşq toplanışında Latviyaya 0:1 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis matça çox yaxşı başladıqlarını bildirib: "Qol imkanlarımız oldu. Dmitri Nazarov fərqlənə bilərdi. Təbii ki, bəxtimiz gətirmədi. Rəqibin qol vurduğu epizoddan öncə cərimə zərbəsi var idi. Hakim bizim lehimizə qərar verməli olsa da, əksini etdi. Nəticədə künc zərbəsi oldu ki, bu da qolla nəticələndi. Fikrimcə, bu, Latviya üçün də fərqli qarşılaşma oldu".

66 yaşlı baş məşqçinin sözlərinə görə, bu gün oynayan futbolçuların çoxu gələcəkdə əsas heyətdə yer alacaqlar: "Riçard Almeydanı alqışlamaq istəyirəm. Heyətdəki ən təcrübəli futbolçulardan biridir. Bu yaşda 35-40 dəqiqə dinamik oynadı. Oyuna yaxşı qoşuldu, keyfiyyətini göstərdi. Ona görə Almeydanı qeyd etdim. Həmçinin Renat Dadaşov, Səlahət Ağayev və Nazarov da inamlı təsir bağışladı. Baxmayaraq ki, Nazarov 30 dəqiqədən sonra fərqli mövqeyə keçdi. Bu futbolçuların çıxışından razı qaldım. İyunda 12 günə 4 vacib oyunumuz var. Bizə ehtiyat qüvvə lazım olacaq. Eyni futbolçular 4 matçda oynaya bilməyəcək".

De Byazi "Qarabağ"ın hücumameylli yarımmüdafiəçisi Rüstəm Əhmədzadəni texniki səbəbdən iştirak ərizəsinə salmadığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya da eyni hesabla məğlub olub.

Son xəbərlər

Orphus sistemi