"Benfika"nın sabiq yarımmüdafiəçisi: "Bura gələnədək Azərbaycan futbolu haqqında heç nə bilmirdim"
- 01 avqust, 2023
- 13:50
"Səbail"in yay "transfer pəncərəsi"ndə heyətinə qatdığı futbolçulardan biri də Pedro Nunudur. 28 yaşlı portuqaliyalı yarımmüdafiəçinin karyerasının böyük hissəsi əsasən ölkəsinin klubları ilə bağlıdır. "Akademika", "Benfika", "Tondela", "Moreyrense" və B-SAD komandarında çıxış etmiş oyunçu son olaraq Türkiyə "Adanaspor"unun formasını geyinib.
Pedro Nunu "Report"a müsahibəsində həm "Səbail"ə gəlişindən, həm karyerasından, həm də gələcək hədəflərindən söz açıb.
- Azərbaycana, "Səbail" klubuna xoş gəlmisiniz. Artıq bir müddətdir komandanın düşərgəsindəsiniz. İlk təəssüratlarınız necədir?
- İlk təəssüratlarım olduqca yaxşıdır. Əla şəraiti olan, yaxşı təşkilatlanmış komandaya gəlmişəm. Çempionatda oynamaq üçün çox həyəcanlıyam.
- Bakı klubuna keçidiniz necə gerçəkləşdi?
- Deyərdim ki, hər şey çox asan alındı. Menecerim mənə təklif barədə məlumat verdi. Bir neçə söhbətdən sonra klubdakı insanların mənimlə həqiqətən çox maraqlandıqlarını gördük. Nəticədə buraya gəlməyi qəbul etdim.
- "Səbail"i seçməyinizdə əsas amil nə oldu?
- Klubun gələcək planları, layihəsi və insanların etimad göstərməsi məni buraya gətirən əsas səbəblərdir.
- Bura gəlməmişdən əvvəl Azərbaycan futbolu haqqında nə bilirdiniz?
- Açığı, praktiki olaraq heç nə bilmirdim. Amma gördüklərimə əsasən deyə bilərəm ki, burada çox keyfiyyətli oyunçular var.
- "Qarabağ" barədə də eşitməmişdiniz?
- Bəli, yalnız bu komanda haqqında məlumatım var idi. Bu da onların demək olar, hər il Çempionlar Liqasında oynaması ilə bağlıdır.
- Azərbaycanda portuqaliyalı futbolçular çıxış ediblər və hazırda da oynayırlar. Maraqlıdır, "Səbail"dən təklif gələndə həmin oyunçuların hansından məsləhət aldınız?
- Menecerim yalnız ötən mövsüm burada oynayan Qustavo de Fransa ilə danışdı. O isə klub haqqında ancaq xoş sözlər söylədi.
- İndiyədək Portuqaliya və Türkiyədə oynamısınız. Əvvəlki klublardan hansıların şəraitini "Səbail"in infrastrukturu və imkanları ilə müqayisə edə bilərsiz?
- "Səbail"in infrastrukturu və şəraiti indiyədək oynadığım əksər klublardan daha yaxşıdır. Bu, xaricdən gələn oyunçu üçün çox vacibdir.