Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Zirə" "Sabah"ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda keçirilmiş qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Zirə"nin legioneri Mohamed Hamdaui 49-cu dəqiqədə hesabı açıb. Şpiro Periçiç isə 83-cü dəqiqədə qonaqların bərabərlik qolunu vurub. O, zərbə endirən zaman qapıçı Mehdi Cənnətova təmas etsə də, baş hakim İnqilab Məmmədov mərkəzi göstərib.
Xallarının sayını 5-ə çatdıran "qartallar" 5-ci pilləyə yüksəlib. İlk xalını qazanan "Sabah" isə 7-ci sıradadır.
Qeyd edək ki, günün digər oyununda "Qəbələ" evdə "Səbail"i 5 cavabsız qolla üstələyib. Sentyabrın 19-da "Neftçi" "Keşlə"ni qəbul edəcək. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.