Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün son matçında "Keşlə" və "Sumqayıt" komandaları üz-üzə gəliblər. "ASK Arena"dakı qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hər iki qolu "gənclik şəhəri" təmsilçisinin yarımmüdafiəçisi Rəhim Sadıxov vurub. O, 83 və 89-cu dəqiqələrdə fərqlənib.
Görüşün əvvəlində "Sumqayıt" ciddi itki ilə üzləşib. Qapıçı Aydın Bayramov zədələnərək, meydanı tərk edib. Onu Tərlan Əhmədli əvəzləyib.
Beləliklə, səfərdə "Keşlə"yə qalib gələn "Sumqayıt" mövsümə uğurlu start verib. Bu nəticədən sonra 3 xalı olan kollektiv top fərqinə görə zirvədə qərarlaşıb. "Keşlə" isə sonuncu pillədədir.
Günün ilk oyununda "Səbail" səfərdə "Sabah"ı minimal hesabla məğlub edib.
Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.