Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Neftçi" "Bakcell Arena"da "Zirə"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.
Matçdan öncə koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlu anılıb, stadionun tablolarında onun həyat yolundan bəhs edən sujet nümayiş olunub. Görüş isə 1 dəqiqəlik sükutla başlayıb. Bundan başqa, "Neftçi"də 100-cü oyununa çıxan qapıçı Aqil Məmmədov mükafatlandırılıb. 32 yaşlı qolkiperə mükafatı flaqmanın prezidenti Kamran Quliyev təqdim edib.
Oyuna gəlincə, hesab erkən qolla açılıb. 6-cı dəqiqədə Ağabala Ramazanov qonaqları önə keçirib. 39-cu dəqiqədə Sezar Meza Kolli "ağ-qaralar"ın bərabərlik qoluna imza atıb. Oyunda son nöqtəni isə 84-cü dəqiqədə Mirabdulla Abbasov qoyub.
Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Neftçi" 2-ci pillədəki mövqeyini qoruyub. 12 xalı olan "Zirə" isə 3-cü sırada qalıb.
Qeyd edək ki, günün ilk qarşılamasında "Sabah" evdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib. Turun digər 2 matçı oktyabrın 24-ü və 25-də gerçəkləşəcək. Müvafiq olaraq, "Qəbələ" səfərdə "Keşlə" ilə, "Qarabağ" isə "Səbail" ilə üz-üzə gələcək.