Azərbaycan millisinin baş məşqçisi: “Serbiyaya qarşı oyunda qolları əsasən qapıçı səhvlərindən sonra buraxdıq”

Azərbaycan millisinin baş məşqçisi: “Serbiyaya qarşı oyunda qolları əsasən qapıçı səhvlərindən sonra buraxdıq” Serbiyaya qarşı oyunda qolları əsasən qapıçı səhvlərindən sonra buraxdıq.
Futbol
5 Noyabr , 2024 17:37
Azərbaycan millisinin baş məşqçisi: “Serbiyaya qarşı oyunda qolları əsasən qapıçı səhvlərindən sonra buraxdıq”
Nərgiz Qurbanova

Serbiyaya qarşı oyunda qolları əsasən qapıçı səhvlərindən sonra buraxdıq.

Bunu “Report”a açıqlamasında Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Nərgiz Qurbanova Avropa çempionatının I seçmə mərhələsində keçirdikləri görüşləri dəyərləndirərkən deyib.

Mütəxəssis bəzi futbolçuları zədə səbəbindən Lüksemburqda təşkil olunan yarışa apara bilmədiklərini vurğulayıb:

“Avropa çempionatı öncəsi komandanın əsas heyət oyunçularından bir neçəsi zədə səbəbindən Lüksemburqa yollana bilmədi. Bu üzdən bizi qarşıda çox çətin oyunlar gözlədiyini bilirdik. İlk matç dəfələrlə A Liqasında mübarizə aparmış Serbiya millisinə qarşı oldu. Rəqibin oyunlarını təhlil etmişdik, kifayət qədər keyfiyyətli oyunçulara malik olduqlarını bilirdik. İlk görüşdə, təəssüf ki, böyükhesablı məğlubiyyətlə üzləşdik. Üstəlik, oyunun əvvəllərində qapçımız ağır zədə alaraq meydanı tərk etməli oldu və onu digər qapıçı ilə əvəzlədik. Qolları da əsasən qapıçı səhvlərindən sonra buraxdıq. Futbolda belə bir deyim var: “qapıçı komandanın 50 faizidir”. Rəqib də bu fürsətdən tam yararlandı”.

Baş məşqçi qol epizodlarından yararlana bilmədiklərini söyləyib:

“Luksemburqa 0:3 hesablı məğlubiyyətə gəlincə, açıq futbol oynayırdıq, qarşılıqlı hücumlar edirdik. Lakin epizodlardan yararlana bilmədik. Komandanın zəif təsir bağışlamasına səbəb kimi onu deyə bilərəm ki, hər il yaş qrupları dəyişir. Əlbəttə, hər dəfə istedadlı futbolçuları komandamıza cəlb edirik, amma bu il seçim şansı çox az oldu. Bu kimi hallarda isə məğlubiyyət qaçılmazdır. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq”.

Qeyd edək ki, Nərgiz Qurbanovanın rəhbərlik etdiyi U-17 yığması Avropa çempionatının I seçmə mərhələsində Serbiyaya 0:10, Lüksemburqa isə 0:3 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi