Azərbaycan Kubokunun 2023/2024 mövsümündə 34 komandanın iştirakı nəzərdə tutulub.
Bu barədə “Report”a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov məlumat verib.
O bildirib ki, Premyer Liqa, I və II Liqa komandalarının nümayəndələrinin noyabrın 2-də keçiriləcək püşkatma mərasimində iştirakları planlaşdırılır: “Yarışda daha çox komandanın iştirakı təmin olunacaq. Bilirsiniz ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, bu il liqaların sayı artırılıb. Premyer Liqa ilə yanaşı, I və II Liqa yarışları da keçirilir. II Liqanın iştirakçıları ötən mövsüm Region Liqasında çıxış edən komandalardır. Onların işə yanaşmalarını yaxından izlədik. İdarə Heyəti qərara aldı ki, ölkə kubokunda I və II liqaların komandaları da iştirak etsinlər. Bu, Azərbaycan Kubokunun coğrafiyasının genişlənməsinə hesablanmış addımdır”.
PFL rəsmisi bu mövsüm Azərbaycan Kubokuna əvvəlki illərlə müqayisədə daha tez start veriləcəyini sözlərinə əlavə edib. E.Abbasov bildirib ki, komandalar çıxış etdikləri liqaların səviyyəsindən asılı olaraq fərqli mərhələlərdə yarışa qoşulacaqlar: “İlk olaraq II Liqa komandaları I təsnifat mərhələsində bir-biriləri ilə üz-üzə gələcəklər. Qaliblər II raunda adlayacaqlar. Həmin mərhələdə I liqa təmsilçiləri və ötən mövsüm Premyer Liqanın aşağı pillələrində qərarlaşan komandalar mübarizəyə başlayacaqlar. Dekabrın sonlarında isə 1/8 final mərhələsi təşkil olunacaq. Potensial iştirakçıların hər biri artıq həmin raundda yer ala bilərlər”.
PFL-in texniki-idman direktoru ölkə kubokunun 1/4 final, yarımfinal və final qarşılaşmalarının 2024-cü ildə reallaşacağını deyib.
Qeyd edək ki, bu mövsüm Premyer Liqa və I Liqada 10, II Liqada isə 14 komanda çıxış edir.