"Bu, 6 xala bərabər qarşılaşmadır. Qarşıdakı oyunda qələbə qazanan komanda üçüncü pillə üçün üstünlük əldə edəcək. Amma bu, son olmayacaq".
Bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Report"un canlı efirində yayımlanan "ReSport" verilişində "Zirə"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXIV tur matçı barədə danışarkən deyib.
40 yaşlı mütəxəssis hər iki tərəfi qarşıda daha çətin görüşlərin gözlədiyini bildirib: "Növbəti turlarda "Zirə"nin "Qarabağ"la, bizim isə "Neftçi" ilə çətin oyunumuz var. "Keşlə", "Sabah" və "Səbail"lə görüşləri də unutmamalıyıq. Hər üç komanda sonuncu yeri tutmamaq uğrunda mübarizə aparır. Bu, onlar üçün motivasiya olacaq. Düşünürəm ki, çempionatın son oyunları çox gərgin keçəcək. Belə matçlarda xallar itirmək də mümkündür. İnanıram ki, "Zirə" ilə görüşdən sonrakı 4 duel daha həlledici olacaq. Bu tur qalib gələn tərəf bir az üstünlük qazanacaq".
Qeyd edək ki, aprelin 25-də keçiriləcək "Zirə" - "Sumqayıt" matçı saat 20:00-da başlayacaq. 32 xala malik komandalar 3-4-cü yerləri bölüşdürür.