AVRO-2020: İtaliya yığması ikiqat Avropa çempionu oldu - YENILƏNİB-5

AVRO-2020: İtaliya yığması ikiqat Avropa çempionu oldu - YENILƏNİB-5 AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyunu start götürüb
Futbol
12 İyul , 2021 01:56
AVRO-2020: İtaliya yığması ikiqat Avropa çempionu oldu - YENILƏNİB-5

Futbol üzrə Avropa çempionatında final oyunu keçirilib.

"Report"un məlumatına görə, həlledici qarşılaşmada İngiltərə və İtaliya yığmaları üz-üzə gəlib. Londondakı "Uembli" stadionunda təşkil olunmuş qarşılaşmanı 67 173 nəfər izləyib.

Hesab isə erkən açılıb. 1 dəqiqə 57-ci saniyədə Lük Şou İngiltərə millisini hesabda önə çıxarmaqla yanaşı, Avropa çempionatları tarixinin ən erkən qoluna imza atıb. Bu, meydan sahiblərinin ilk yarı ərzində yeganə təhlükəli epizodu olub.

İtaliya yığması isə bərabərlik qolunu vurmaq üçün hücuma atılıb və istəyinə 67-ci dəqiqədə çatıb. Leonardo Bonuççi rəqib qapısı qarşısındakı qarışıqlıqdan sonra topu tora göndərib - 1:1. Beləliklə, "Yuventus"un müdafiəçisi Avropa çempionatlarının finalları tarixində qol vuran ən yaşlı oyunçu olub. O, 34 yaş 71 günündə fərqlənib.

Digər tərəfdən, İtaliya millisi 13-cü qola imza atmaqla, nəhəng turnirlərdə şəxsi rekordunu yeniləyib. Daha əvvəl 1934, 1982 və 2006-cı il dünya çempionatlarında "Skuadra Adzurra" 12 dəfə fərqlənmişdi.

Görüşün əsas vaxtı elə bu hesabla başa çatıb. Bu, 90 dəqiqə ərzində taleyi həll olunmayan 7-ci final qarşılaşması olub. 1960, 1976, 1996, 2000 və 2016-cı il Avropa çempionatlarında qalib əlavə vaxtda müəyyənləşib. AVRO-1968-də də eyni hal baş verib. Amma reqlamentə əsasən, iki gün sonra yenidən həlledici qarşılaşma keçirilib.

AVRO-2020-də isə əlavə vaxtda da qalib müəyyənləşməyib və nəticədə tarixdə ilk dəfə Avropa çempionu penaltilər seriyasında müəyyənləşib. Bu zaman Roberto Mançininin baş məşqçi olduğu kollektiv daha dəqiq olaraq, qalib gəlib - 3:2. Beləliklə, İtaliya millisi tarixində dördüncü dəfə yüksəldiyi qitə çempionatının final oyununu qələbə ilə başa vurub və ikiqat Avropa çempionu olub.

Daha əvvəl "Skuadra Adzurra" AVRO-1968-in qalibi olub.

Avropa çempionatı

Final

11 iyun

23:00. İtaliya - İngiltərə - 1:1 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 3:2)

Qollar: Leonardo Bonuççi, 67 - Lük Şou, 2

Penaltilər seriyası

Domeniko Berardi (1:0)

Harri Keyn (1:1)

Andrea Belotti (1:1)

Harri Maquayr (1:2)

Leonardo Bonuççi (2:2)

Markus Reşford (2:2)

Federiko Bernardeski (3:2)

Ceydon Sanço (3:2)

Jorjinyo (3:2)

Bukayo Saka (3:2)

Baş hakim: Byörn Kuypers (Niderland)

London, "Uembli" stadionu

01:42

AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyununun əlavə vaxtı başa çatıb. "Report"un məlumatına görə, 15 dəqiqəlik ikinci bölümdə də tərəflərdən fərqlənən olmayıb.

Hələlik hesab əsas vaxtda vurulan qollar sayəsində bərabərdir - 1:1.

Beləliklə, Avropa çempionu tarixdə ilk dəfə penaltilər seriyasında müəyyənləşəcək.

01:21

AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyununun əlavə vaxtının ilk yarısı başa çatıb. "Report"un məlumatına görə, 15 dəqiqəlik bölümdə qalib müəyyənləşməyib.

Hələlik hesab bərabərdir - 1:1.

00:59

AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyununun əsas vaxtı başa çatıb. "Report"un məlumatına görə, komandaların 90 dəqiqəlik mübarizəsində qalib müəyyənləşməyib - 1:1.

qarşılaşma Londondakı "Uembli" stadionunda keçirilir. İlk qolu 2-ci dəqiqədə İngiltərə millisindən Lük Şou vurub. 67-ci dəqiqədə İtaliya yığmasının futbolçusu Leonardo Bonuççi hesabı bərabərləşdirib.

Qeyd edək ki, əsas vaxt heç-heçə ilə yekunlaşdığı üçün əlavə vaxt oynanılacaq.

00:29

AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyununda növbəti qol vurulub. "Report"un məlumatına görə, 67-ci dəqiqədə İtaliya millisinin futbolçusu Leonardo Bonuççi hesabı bərabərləşdirib - 1:1.

Qeyd edək ki, qarşılaşma Londondakı "Uembli" stadionunda keçirilir. İlk qol 2-ci dəqiqədə vurulub. İngiltərə millisində Lük Şou əks-hücumda fərqlənib. Görüşü niderlandlı referi Byorn Kuypers idarə edir.

23:03

AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyunu start götürüb. "Report"un məlumatına görə, qarşılaşma Londondakı "Uembli" stadionunda keçirilir.

İlk qol 2-ci dəqiqədə vurulub. İngiltərə millisində Lük Şou əks-hücumda fərqlənib.

Görüşü niderlandlı referi Byorn Kuypers idarə edir.

Son xəbərlər

Orphus sistemi