Bakı. 5 noyabr. REPORT.AZ/ Ötənlərdə İngiltərə millisi və "Arsenal" klubunun əfsanəvi futbolçusu, hazırda isə Azərbaycanın "Qəbələ" klubunun idman direktoru Toni Adams bu yaxınlarda həyatının tükdən asılı olmasından danışıb.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 49 yaşlı Adams ürəyində problem hiss etdiyini, Bakıdakı həkimlərin isə onun ürəyində əməliyyat apardıqlarını bildirib.
"Son vaxtlar komandanın məşqləri zamanı ürəyimdə ağrılar hiss etməyə başlamışdım. Mənə Bakıda təcili müayinədən keçmək tövsiyə olundu. Azərbaycanın paytaxtında yerləşən klinikalardan birində ürəyimdə anqioplastik əməliyyat aparıldı. Ürəyimdəki damarlardan biri tutulmuşdu. Cərrahlar fantastik iş gördülər. Bunu mənim Britaniyadakı kardioloqum da təsdiq etdi. Onu dəqiq bilirəm ki, həkim Üzeyir Rəhimov və komandası olmasaydı, mən indi ölmüşdüm. Kiçik əməliyyat mənim həyatımı xilas etdi. Hər kəsə minnətdarlıq etmək və demək istəyirəm ki, əgər ürəyinizdə ağrı varsa, dərhal mütəxəssisə müraciət edin", - deyə o bildirib.