Andrey Demçenko: "Ardıcıl qollardan sonra futbolçular ruhdan düşdülər"

Futbol
  • 08 fevral, 2026
  • 18:43
Andrey Demçenko: Ardıcıl qollardan sonra futbolçular ruhdan düşdülər

"Araz-Naxçıvan"ın futbolçuları Misli Premyer Liqasının XIX turunda "Sabah"la matçda buraxdıqları ardıcıl qollardan sonra ruhdan düşüblər.

"Report" xəbər verri ki, bunu komandanın baş məşqçisi Andrey Demçenko oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis, öz səhvləri ucbatından qapılarında qollar gördüklərini söyləyib:

"Yaxşı, təşkilatlanmış komandaya qarşı oynadıq. Səhvlərimizdən qollar buraxdıq. Ardıcıl qollardan sonra futbolçular ruhdan düşdülər. Oyunu rəqibin meydanında qurmağa çalışdıq, amma pressinq edərkən səhvlərə yol verdik. "Neftçi" ilə oyunda da belə oldu. Sanki futbolçularda həyəcan var idi. Həyəcan isə hər zaman işini keyfiyyətli görməyə, dəqiq qərar verməyə imkan vermir. Bu gün komanda olaraq uduzduq. Meydanda olanlardan kimisə fərqləndirmək istəmirəm. Taktiki cəhətdən istədiklərimizi reallaşdırmaq üçün zaman lazımdır".

Qeyd edək ki, "Sabah" - "Araz-Naxçıvan" matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.