UEFA prezidenti Aleksander Çeferin İngiltərənin "Arsenal" və "Çelsi" klublarını Avropa Liqasının finalının Bakıda keçirilməsindən narazı qalmaları ilə əlaqədar tənqid edib.
"Report" xəbər verir ki, sloveniyalı funksioner Oksford Universitetində çıxışı zamanı "Dumanlı Albion" təmsilçilərinin hər yerdə belə davrandıqlarını bildirib.
Çeferinin fikrincə, İngiltərə klubları bununla Avropa futbolunun populyarlığına töhfə vermirlər: "İngiltərə klubları varsa, deməli, narazılıq var. Onlar inanılmazdırlar! "Nəyə görə final matçını Bakıda keçirdiniz" soruşsaydılar, deyərdim ki, orada da insanlar yaşayırlar. Həm də düşüncəli insanlar yaşayırlar. Onlar vaxt fərqi ilə əlaqədar oyuna axşam saat 11-də baxmalı idilər. Amma heç kim bundan şikayətlənmədi. Londonda Azərbaycanın iki komandası oynasaydı, yenə heç kim şikayətlənməzdi. Onlar gedib heç bir problemsiz oynayardılar".
UEFA prezidenti futbolun hər yerdə inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb: "İki il əvvəl qərara aldıq ki, Bakıda oynayaq. Orada 70 min nəfərlik müasir stadion var. Fikrimcə, İngiltərədə bundan böyük cəmi bir stadion mövcuddur. Bəyəndikləri superulduzları canlı izləyən insanların razı və məmnun baxışlarını görərdiniz. Biz futbolu təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə inkişaf etdirməliyik".
Çeferin Çempionlar Liqasının final matçının məkanı üçün seçim apararkən siyasəti dəyişmək fikrində olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, Avropanın ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması yalnız qitənin "Uembli" kimi 4-5 nəhəng stadionunda keçirilməlidir: "Madriddəki final matçına 980 min sorğu gəldiyi halda, satışa 62 min bilet çıxara bilmişdik. Halbuki, məsələn, "Uembli"də oynasaydıq, satış üçün daha 30 min biletimiz olardı. Top-turnirlərin finalını yalnız top-stadionlarda təşkil etmək lazımdır".
Qeyd edək ki, Çempionlar Liqasının finalı İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda İngiltərənin "Liverpul" və "Tottenhem" komandaları arasında keçirilib. Görüş "Liverpul"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bakı Olimpiya Stadionunda təşkil olunmuş Avropa Liqasının həlledici qarşılaşmasında isə "Çelsi" "Arsenal"ı darmadağın edib - 4:1.