Albaniya klubunun azərbaycanlı məşqçisi: "İnanıram ki, ölkəmizi burada layiqincə təmsil edəcəyik" - MÜSAHİBƏ

Albaniya klubunun azərbaycanlı məşqçisi: "İnanıram ki, ölkəmizi burada layiqincə təmsil edəcəyik" - MÜSAHİBƏ Bu yaxınlarda Albaniyanın “Bilis” klubu ilə müqavilə bağlayan azərbaycanlı məşqçi Rüfət Quliyev “Report”a müsahibə verib. 51 yaşlı mütəxəssis açıqlamasında yeni klubundakı şərait, həmçinin azarkeş marağını ilə bağlı təəssüratlarını bölüşüb. Bununla yanaşı
Futbol
28 Sentyabr , 2024 11:43
Albaniya klubunun azərbaycanlı məşqçisi: İnanıram ki, ölkəmizi burada layiqincə təmsil edəcəyik - MÜSAHİBƏ

Bu yaxınlarda Albaniyanın “Bilis” klubu ilə müqavilə bağlayan azərbaycanlı məşqçi Rüfət Quliyev “Report”a müsahibə verib. 51 yaşlı mütəxəssis yeni klubundakı şərait, həmçinin azarkeş marağı ilə bağlı fikirlərini bölüşüb. O, “Bilis”də çıxış edən azərbaycanlı futbolçular Amil Yunanovla Zamiq Əliyevin komandaya uyğunlaşma prosesindən və başqa mövzulardan danışıb.

- Yeni klubunuzla bağlı təssüratlarınız necədir?

- Komandaya yeni baş məşqçi gəlib, mən də onun köməkçisi təyin olunmuşam. Həmçinin klubun U-19 və U-21 komandalarına da nəzarət edirəm, işlərimiz çoxdur. U-19 UEFA Gənclər Liqasında işrak edir. İlk oyunda 1:2 hesabı ilə məğlub olublar. Hazırda Kosovoda keçiriləcək cavab matçına hazırlaşırıq. 20 gündür klubdayam, dünən müqavilə imzalamışam. “Bilis” Superliqaya bu il vəsiqə qazanıb. Komanda 4 turdan sonra 9-cu yerdədir.

- Komandanın bu mövsüm üçün hədəfi nədir?

- Hədəf həmişə yüksək pillələr olur. Fikrimcə, bu il hədəf komandanı Superliqada saxlamaqdır. İnanıram ki, buna nail olacağıq. Reqlamentə əsasən, Albaniya Superliqasında 10 komanda iştirak edir. Son iki pilləni tutan komandalar I Diviziona düşür. 8-ci yeri tutan komanda isə pley-offda oynayır. Yəni Superliqada qalmaq şansını saxlayır. Klubun strategiyası belədir ki, dünyanın bütün nöqtələrindən perspektivli uşaqları akademiyaya cəlb edirlər və əsas komanda üçün hazırlayırlar. Daha sonra Avropanın güclü ölkələrinin klublarına yollayırlar.

- Azərbaycanlı futbolçulardan Amil Yunanovla Zamiq Əliyev də “Bilis”in heyətində yer alıblar. Onlar komandaya uyğunlaşa bilirlər?

- Amillə hər gün görüşürük. Ona yeni komandasında uğurlar arzulayıram. Yeni qoşulub, cəmi bir oyunda iştirak edib. İnanıram ki, yaxşı futbol göstərəcək və mənimlə birlikdə Azərbaycanı burada layiqincə təmsil edəcək. Zamiq Əliyev həftənin rəmzi “11-liy”inə daxil olmuşdu. Ona da uğurlar arzu edirəm. Azərbaycanlı uşaqlar xarici klublarda nə qədər çox oynasalar, ölkəmiz bir o qədər tanınar və tələbat yaranar. Mənim üçün məşqçi, Amil üçün futbolçu kimi bir təcrübədir. Uğurlarımız bol olsun.

- “Bilis”dəki şəraiti, infrastrukturu hansısa Azərbaycan klubu ilə müqayisə etmək mümkündür?

- Klubun həm süni, həm də təbii örtüklü meydanı var. Ot örtüyünə çox yük düşməsin deyə, stadionun yaxınlığında da məşq etmək imkanı var. Superliqada çıxış etmək üçün lazımi şərait yaradılıb. Bundan əlavə, klubun ayrıca bazası var. Həm U-19, həm də əsas komanda ora yerləşir.

- Azarkeş marağı hansı səviyyədədir? Oyunlara çox, yoxsa az insan gəlir?

- Hər klubun öz azarkeşi var, nəticələrə baxmayaraq, komandalarını dəstəkləyirlər. “Bilis”in təmsil etdiyi şəhər kiçikdir, azarkeşləri də çox deyil. Amma oyunlarda tribunalar dolur. Futbola maraq yüksək səviyyədədir. Təkcə burada deyil, başqa şəhərlərdə də belədir. Böyük stadionları olan şəhərlər də var. Onları doldurmaq çətin olur. Albaniya millisinin Millətlər Liqasında Gürcüstana 0:1 hesabı ilə məğlub olduğu Tiranadakı oyunda azarkeşlərin özlərini necə apardıqlarını gördük. Bu baxımdan demək olar Azərbaycanla oxşarlıq var.

- İnfrastruktur, azarkeşlik baxımından Azərbaycanla oxşarlıq olduğunu bildirdiniz. Bəs hansı perspektivləri görüb Albaniyaya getmək qərarına gəldiniz?

- Azərbaycanda işsiz idim, yaydan bəri təklif yox idi. Vətəndən təklif olsa, dəyərləndirə bilərəm. Lakin hazırda “Bilis”lə müqaviləm var. İşlərimi bu klubda davam etdirəcəyəm. Sonuncu dəfə Azərbaycanda “Araz Saatlı”nı çalışdırmışdım. Mövsümün başlamasından 5 tur keçəndən sonra məni dəvət etmişdilər. Qış "transfer pəncərəsi"ndə dəyişikliklər olacağına söz vermişdilər, amma sonradan anlaşılmazlıq oldu. Mən də 3-4 ay çalışandan sonra ayrıldım. Mart ayından bəri işsiz idim və Albaniyadan gələn təklifi dəyərləndirdim.

- Həm əsas komandada çalışırsınız, həm də U-19 və U-21-ə nəzarət edirsiniz. Çətin deyil?

- Əsas işim birinci komandadadır. Həmçinin U-21-in baş məşqçisi kimi çalışıram, U-19-a isə nəzarət edirəm. Əsas komandada məşqçi dəyişikliyi baş verənə qədər U-19 və U-21-də çalışırdım. U-21-də oynayan uşaqların əksəriyyəti əsas komandaya dəvət olunurlar. U-19-dan da ən yaxşıları U-21-ə çağırırıq. Hazırda UEFA Gənclər Liqasında oynadığı üçün U-19 ayrı məşq edir. İşimiz bu şəkildə davam edir.

Son xəbərlər

Orphus sistemi