Ahmed Ahmedov: "Çempionluq qolumu izləyərək zövq alıram"

Ahmed Ahmedov: "Çempionluq qolumu izləyərək zövq alıram" "Neftçi"nin qələbə qazanmasını çox istəyirəm. Allahın izni ilə keçmiş komandam qalib gələcək"
Futbol
7 Fevral , 2022 11:48
Ahmed Ahmedov: Çempionluq qolumu izləyərək zövq alıram
Əhməd Əhmədov

"Neftçi" klubunun sabiq futbolçusu, paytaxt təmsilçisi ilə ölkə çempionu olan bolqarıstanlı hücumçu Ahmed Ahmedovun "Report"a müsahibəsi

- Komandadan ayrıldıqdan sonra Azərbaycan Premyer Liqasını izləyirsiniz?

- Bəli. Demək olar ki, "Neftçi"nin bütün oyunlarına baxıram. İzləyə bilmədiklərimin isə icmalına baxıram.

- Sabiq komandanızın bu mövsüm çempionluq şanslarını necə dəyərləndirirsiniz?

- "Neftçi" mövsümə yaxşı başlaya bilməyib. Amma inanıram ki, qarşıdakı görüşlərdə liderlə xal fərqini azaldacaqlar. Bu mövsüm də çempion olacaqlarına ümidvaram.

- Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi" "Qarabağ"la üz-üzə gələcək. Qarşılaşma ilə bağlı düşüncələriniz necədir?

- Mən də bu oyunu səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, zədəsiz və gözəl qarşılaşma olacaq. "Neftçi"nin qələbə qazanmasını çox istəyirəm. Allahın izni ilə keçmiş komandam qalib gələcək.

- Sabiq klubunuzda əlaqə saxladığınız şəxslər varmı?

- Əlbəttə. Futbolçuların çoxu ilə hələ də ünsiyyətim var. Mert Çeliklə hər gün danışıram. Onunla münasibətimiz çox yaxşıdır, mənə qardaş kimidir.

- Bolqarıstan MOİK-i ilə müqaviləniz mövsümün sonunda başa çatır. Yenidən "Neftçi"də və ya Azərbaycanda oynamaq istəyirsiniz?

- Müqaviləm yayda bitəcək. Vaxt var, bu barədə heç düşünməmişəm. 2021-ci ildə böyük zədə ilə üzləşdim. Hələ də sağalmamışam. Zədəm bitəndən sonra bu mövzu haqqında danışmaq olar.

- Azərbaycandan ayrılandan sonra ölkənin digər klubları sizinlə maraqlanıbmı?

- Xeyr. Digər klublardan heç kiminlə danışmamışam.

- Komandaya çempionluq gətirən qola imza atmışdınız. Sizi niyə komandada saxlamadılar?

- Çempionluq qolunu vurduğum üçün çox xoşbəxtəm. Bəzən o qolu izləyirəm və zövq alıram. Azərbaycanda oynayanda çox çətin dönəmlərim oldu və zədə ilə üzləşdim. Start heyətdə iki görüşdə meydana çıxmışdım. Həmin vaxtda da zədəli idim. Amma çempionluq bizə qismət oldu və mənim qolumla bu sevinci yaşadıq.

Son xəbərlər

Orphus sistemi