"Bizim üçün maraqlı oyun alındı. Qarşılaşma bol qollu keçdi".
Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Ağabala Ramazanov yoldaşlıq görüşündə Bəhreyni 3:2 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.
27 yaşlı hücumçu Bəhreyndəki görüşdə hava şəraiti ilə əlaqədar çətinliklə üzləşdiklərini bildirib: "Hava şəraiti bizə çox çətinlik törədirdi. Rütubət də kifayət qədər çox idi. Bütün bunlara baxmayaq, özümüzü toparladıq və qələbə qazana bildik".
Ramazanov artıq AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla səfər qarşılaşmasına kökləndiklərini sözlərinə əlavə edib: "Macarıstanla oyunun hazırlıqlarını davam etdiririk. Budapeştdəki matçda da yaxşı nəticəyə ümid edirik. Əzmkarlıq göstərərək layiqli mübarizə aparmağa və xal qazanmağa çalışacağıq".
Qeyd edək ki, oktyabrın 13-də “Groupama Arena”da keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.