Berlində məşhur mütəxəssislərlə bir tədbirdə iştirak etmək, onlarla tanış olmaq, fikir mübadiləsi aparmaq ən yaxşı təcrübələrimdən biri oldu.
Bunu "Report"a açıqlamasında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə Almaniyanın paytaxtı Berlində baş tutan UEFA-nın 14-cü Konfransında iştirakı ilə bağlı danışarkən deyib.
Funksioner tədbirdəki şəxslərin çox önəmli baş məşqçilər olduğunu vurğulayıb:
"Sözsüz ki, orada bütün Avropa ölkələrinin nümayəndələri var idi. Elə simalar idi ki, yığmada dəb onlar tərəfindən ortaya qoyulur. İspaniya millisinin baş məşqçisi Luis De La Fuente, Fransa yığmasından Didye Deşam, Rafael Benites, Fabio Kapello, Avstriya komandasından Rafl Ranqnik, Portuqaliya seçməsindən Roberto Martines, Almaniya millisindən Yulian Naqelsmann, Arsen Venger və digərləri. Hamısı yüksək səviyyəli mütəxəssislərdir. Orada olub fikir mübadiləsi aparmaq çox xoşdur. Çox məlumat verdilər, gələcəkdə bunlardan yararlanmaq olacaq".
Cahangir Həsənzadə yalnız texniki direktorların və əsas millilərin baş məşqçilərinin Konfransda iştirak etdiyini söyləyib:
"Tədbir iki gün davam etdi. Birinci gündə Avropa çempionatının texniki, taktiki və fiziki təhlili oldu. Orada olan trendlər, üstünlüklər və klublardan oyunçuların çağırılması məsələsinə toxunuldu. Baş məşqçilərin hazırlıq dövründə hansı sıxıntılarla rastlaşması və bilavasitə AVRO-2024-də hansı çağırışlarla üz-üzə gəlmələrindən danışıldı. İkinci gündə isə sırf texniki direktorlarla bağlı iclas baş tutdu. Aşağı yaş qruplarında yığma komandaların hazırlıq məsələlərinin daha yaxşı tənzimlənməsinə toxunuldu. Gənclərin əsas yığmaya qədər yolunu necə tənzimləmək olar? Bu yolda hansı çətinliklər var? Hansı amillər milliyə toplanış dönəmində dəstək olur və ya mane törədə bilər? Bunlarla bağlı söhbət açıldı. Zənnimcə, çox məhsuldar görüş keçdi".