Abbas Hüseynov: "5 ildir "Qarabağ"dayam, hələ o hissi yaşamamışam"

Abbas Hüseynov: "5 ildir "Qarabağ"dayam, hələ o hissi yaşamamışam" "Qarabağ" klubunun və Azərbaycan milli komandasının futbolçusu Abbas Hüseynovun "Report"a müsahibəsi
Futbol
25 May , 2022 14:48
Abbas Hüseynov: 5 ildir Qarabağdayam, hələ o hissi yaşamamışam

"Qarabağ" klubunun və Azərbaycan milli komandasının futbolçusu Abbas Hüseynovun "Report"a müsahibəsi

- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu oldu. Təəssüratlarınız necədir?
- Bu, əla hissdir. "Qarabağ"da 4-cü çempionluğumu əldə etdim. Futbolçu titul qazananda məsuliyyəti, istəyi və motivasiyası daha da yüksək olur.

- Premyer Liqanın XXVIII - sonuncu turunda "Neftçi"ni 4:1 hesabı ilə məğlub etdiniz. Çempionluğu daha əvvəl təmin etsəniz də, çempionatdakı axırıncı oyununuzda da böyük hesablı qələbə qazandınız. Oyun haqqında nə deyə bilərsiniz?
- Bu komanda ilə qarşılaşmalar bizim üçün həmişə prinsipial olub. "Neftçi" yaxşı rəqibdir. Çempionatı qələbə ilə başa vurduğumuz üçün sevinirik.

- Mayın 27-də Qəbələdə Azərbaycan Kubokunun finalında "Zirə" ilə üz-üzə gələcəksiniz. Qızıl dubl edə biləcəyinizə inanırsınız?
- 5 ildir "Qarabağ"dayam, hələ o hissi yaşamamışam. İnanıram ki, bu sevinc hissləri məndən və komandamdan yan keçməyəcək. "Zirə" bu mövsüm Premyer Liqada bürünc medal qazandı. Rəqib komandanın baş məşqçisi Rəşad Sadıqovu yaxşı tanıyıram. Onun həm millidə, həm də "Qarabağ"da necə peşəkar olduğunu görmüşəm. Bu il də bunu sübut etdi və çox yaxşı kollektiv yığıb. Final görüşü çox maraqlı olacaq. Mən kuboku qazanacağımıza inanıram. Matça istəkli və döyüşkən ruhda çıxsaq, hədəfimizə nail olacağıq. Finala yaxşı hazırlaşırıq.

- Zədə səbəbindən son görüşlərdə iştirak etməməsiniz. Mövsümün son oyununa hazırsınız?
- Əlbəttə. Finalda oynamağı çox istəyirəm. Amma yekun qərarı baş məşqçi verəcək. Əsas qələbə qazanmaq və istəyə nail olmaqdır. Kubok sevincini yaşamaq istəyirəm.

- Klubla müqaviləniz 2023-cü ildə başa çatacaq. Nə vaxtadək "Qarabağ"da oynamağı hədəfləyirsiniz və Avropada oynamaq üçün təklifləriniz var?
- Bu klubun şərəfiqini qoruduğum üçün çox xoşbəxtəm. Hər bir azərbaycanlı futbolçu Avropanın aparıcı klublarında oynamaq istəyir. Təklif barəsində bir söz deyə bilmərəm. Çünki təklif klub rəsmilərinə göndərilir və ondan xəbərdar deyiləm.

- Növbəti mövsüm UEFA Çempionlar Liqasında hədəfiniz nə olacaq?
- Qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Bacardığımız qədər irəli gedib xalqımızı sevindirmək niyyətindəyik.

- İyunda yığmanın UEFA Millətlər Liqasında 4 matçı olacaq. Azarkeşlər həmin qarşılaşmalarda nəyə ümid edə bilərlər?
- Qarşıdakı oyunlarda qələbə qazanmaq istəyirik. İnanıram ki, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Klublarda hər oyuna necə motivasiya ilə çıxırıqsa, yığmadakı matçlar da elə olacaq.

Son xəbərlər

Orphus sistemi