“Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba Tədris İdman Bazasında yunan-roma güləşi üzrə açıq məşq keçirilib.
Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, tədbirdə iştirak edən federasiyanın İcraiyyə Komitəsinin üzvü, olimpiya və 2 qat dünya çempionu Fərid Mansurov, olimpiya mükafatçısı, 2 qat dünya, 3 qat Avropa çempionu Rafiq Hüseynov, Avropa və dünya mükafatçısı Taleh Məmmədov, milli komandanın məşqçisi, Avropa və dünya mükafatçısı Elvin Mürsəliyev gənc idmançılara söz açıb, onlara məsləhətlərini veriblər.
Məşqin təşkil olunmasının əsas məqsədi uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, məşhur idmançılarla yeniyetmə və gənc idmançıların görüşünün təşkili, gənc idmançıların texnika və taktikasının təkmilləşdirməsi, güləşin təbliği və inkişaf etdirilməsindən ibarət olub.
Sonda açıq məşqdə iştirak edən gənc idmançılara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkdirilib.