Ziya Əliyev: "Məhəmmədrəsul Məcidov təhlükəlidir, onunla döyüşmək çoxuna maraqlıdır"

Ziya Əliyev: "Məhəmmədrəsul Məcidov təhlükəlidir, onunla döyüşmək çoxuna maraqlıdır" "Bakı nə vaxt böyük boks gecələrinə hazır olsa, “partlayış” da o zaman baş verəcək"
Fərdi
7 Yanvar , 2022 11:07
Ziya Əliyev: Məhəmmədrəsul Məcidov təhlükəlidir, onunla döyüşmək çoxuna maraqlıdır

Azərbaycan Peşəkar Boks Federasiyasının vitse-prezidenti Ziya Əliyev həm də təşkilatçıdır. ABŞ-da “Boxing stars” adlı şirkət quran Əliyev müxtəlif boks gecələri keçirməklə tanınır. Eyni zamanda Azərbaycanın Avropa və 3 qat dünya çempionu Məhəmmədrəsul Məcidovun meneceri olan funksioner hazırda 6 idmançı ilə əməkdaşlıq edir.

2019-cu ildən federasiyada çalışan Əliyev "Report"a müsahibəsində həm Məcidovun karyerasının uğurlu alınmamasının səbəblərindən, həm gələcək planlarından, həm də Azərbaycanda boks gecələri təşkil etməyin çətinliyindən danışıb...

- Federasiyanı 2019-cu ildə yenidən bərpa etdik. Əvvəlcə hakimlər üçün WBC (Ümumdünya Boks Şurası) seminarı keçirdik. Dünyada referilər üçün müəyyən standartlar var. Peşəkar boksla həvəskar boksun fərqi çox böyükdür. Raundların sayı çoxdur, əlcəklər başqadır, idmançılar dəbilqəsiz döyüşürlər. Düzdür, artıq həvəskar boksda da dəbilqə yoxdur. Amma yenə də əlcək və raund sayı amilləri var. Biz də istəyirik ki, peşəkar boks Azərbaycanda bir biznes kimi inkişaf etsin. Çünki bu, əsl biznesdir. İnsanlarda maraq olmalıdır. Qazaxıstanda şou təşkil etdim, onun üzərində 600 nəfər işlədi. Hamı da bundan pul qazanırdı. Həmin şou Azərbaycanda da yayımlandı. Mənə elə gəlir ki, bunun dövlətə də xeyri dəyər. Bu insanlar əlavə gəlirdən dövlətə vergi ödəyəcəklər. Məncə, həvəskar idmandansa, ölkə üçün peşəkar idman daha yaxşıdır.

- Dünyada peşəkar boks nə qədər inkişaf edib?

- Ən köhnəsi - WBA (Ümumdünya Boks Assosiasiyası) versiyasıdır, artıq 101 yaşı var. Ümumilikdə dörd versiya mövcuddur. Bu versiyalar üzrə postovet ölkələrindən də çempionlar var. Şəxsən mənim məqsədim hansısa peşəkar boksçumuzu bu səviyyəyə çıxarmaqdır. Onsuz da ABŞ-da bu sahə üzrə fəaliyyət göstərirəm. Çünki ölkənin piarı baxımından ən yaxşısı peşəkar boksdur. Həvəskar boksda belə bir imkan yoxdur.

- Namizədiniz var?

- Mənim öz boksçum var - Məhəmmədrəsul Məcidov. Onu ABŞ-a aparmışam, orada məşq edib vuruşurdu. Sadəcə, döyüşlərin birində ayağı sındı. Artıq zədəsini sağaldır. Bilirsiniz ki, həvəskar boksda üçqat dünya çempionudur.

- Bəli. Həm də Avropa çempionudur və 2012-ci il London Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Onun məğlub etdiyi boksçulardan Entoni Coşua artıq peşəkar boksda öncül mövqelərdədir. İvan Dıçkoya isə bir dəfə qalib gəlib və bir dəfə uduzub...

- Dıçko da mənim boksçumdur.

- Məcidov niyə onlar qədər inkişaf edə, peşəkar boksda irəliləyə bilmədi?

- Çünki yeni başlayıb.

- Bəs niyə gec qərar verdi?

- Söhbət də elə bundan gedir. Bizim boksçuların çoxu həvəskar boksda qalır. Onları maaş və ya mükafatla orada saxlayırlar. Bu problem tək bizdə deyil, Qazaxıstanda da belə hallar var. Məsələn, onların olimpiya çempionu Daniyar Yeleussinov mənim boksçumdur və o da peşəkar boksa keçməyə gecikmişdi. Olimpiadadan sonra 1 il vuruşmadı. Gecikməsinin səbəbini Məhəmmədrəsulun özündən də soruşmuşam. Hərəsinin bir arzusu olur, olimpiadada qalib olmaq istəyirlər. Məcidovla oturub danışdıq. Əslində 2012-ci il London olimpiadasında gümüş medal qazandıqdan sonra peşəkar boksa keçməli idi. Amma gecikdi. Bu suala özləri də cavab verə bilmir.

- Məcidov həvəskar boksda Coşuanı məğlub edib. Olmazdımı ki, peşəkar boksa başlayanda onu elə bu idmançı ilə duelə çağırardılar?

- Alınmır. Orada reytinq sistemidir. Həmin vaxt Coşua peşəkar boksda çempion idi. Reytinqdə ağır çəki dərəcəsində müəyyən boksçular var və onlar çempionla döyüşməyə namizəd idilər. Amma biz Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda olanda Coşua ikinci döyüşünə çıxırdı. Məcidov orada "kard"da (əlavə döyüşlər - red.) vuruşurdu. Coşua gəlib Məhəmmədrəsulla şəkil çəkdirdi. Onun özü də bu döyüşü istəyirdi. Bu barədə promuterə də demişdi.

- Yəni, revanş xarakterli döyüş istəyirdi?

- Bəli. Həvəskarda uduzduğu boksçu ilə yenidən görüşmək və nə isə göstərmək istəyirdi. Bu, onlar üçün bir çağırışdır, sırf intiqam xarakteri daşımır. Bunu mənə deyəndə həmin vaxt Məhəmmədrəsul hər iki döyüşünü udmuşdu. Artıq 2020-ci ilin sonunda Coşua ilə döyüş planlaşdırmışdıq. Çünki belə bir şans var idi. Fikirləşirdik ki, o vaxtadək 4-5 döyüş də keçirsin. Bir az da reytinq xalı yığsın. 8 döyüşündən qalib ayrıldıqdan sonra Coşua ilə qarşılaşmaq mümkün ola bilərdi. Amma pandemiya bütün planları pozdu və Məcidov bir də 2020-ci il noyabrın 27-də rinqə qayıtdı. Bunadək bütün şoular ləğv olunmuşdu. Ötən il aprelin 17-də baş tutmuş döyüşdə isə ayağını sındırdı.

- Bu hadisə hansı şəraitdə baş vermişdi?

- Döyüş yeni başlamışdı. Düşünürdük ki, Məhəmmədrəsul ilk raunddaca məsələni həll edəcək. Çünki vuran əli var. Həmin vaxt bir zərbə buraxdı. Elə də güclü zərbə deyildi. Yıxılsa da, tez ayağa qalxdı. Buna fleş-noqdaun deyirlər. Heç bir problemi yox idi. Ayağa duranda bir az axsadı və yenidən yerə yıxıldı. Demə, ilk dəfə yıxılanda ayağı qatlanıb və topuğu 2 yerdən sınıb. Elə əməliyyatı da ABŞ-da oldu və orada qaldı. Həkimlər 6 aya sağalacağına söz vermişdilər. Elə də oldu. Artıq vəziyyəti normaldır. Sınaq döyüşləri də olub. Onun üçün qayıdış döyüşü keçirmək istəyirik.

- Variantlar var?

- Əlbəttə, var. Məcidov təhlükəli boksçu olduğundan, onunla döyüşmək çoxuna maraqlıdır. Döyüşü fevral və ya mart ayına salmağı planlaşdırırıq.

- Azərbaycana gəlmək fikri yoxdur?

- Dağıstanda yaşayır, hərdən Bakıya da gəlir.

- Bəlkə həmin döyüşü elə Azərbaycanda keçirəsiniz...

- Belə bir fikrimiz var. Qazaxıstanda olduğu kimi, burada da böyük şou təşkil etmək istəyirik ki, qoy, zədədən sonra ilk döyüşünü Azərbaycanda keçirsin.

- Məcidov peşəkar boksa daha çox yaraşır. Bizdə yuxarı çəkidə Teymur Məmmədov adlı başqa bir boksçu da olub. Onu peşəkar boksa keçirməyə cəhd etmisinizmi?

- Xeyr. Çünki, birincisi, onun döyüşdüyü çəki məni maraqlandırmırdı. Teymur 91 kq-da mübarizə aparırdı. Peşəkar boksda isə 91 kq-dan artıq olmalıdır. Bu, super ağır çəki sayılır. Bu çəkidə ukraynalı Aleksandr Usik çıxış edirdi. O da yuxarı çəkiyə keçdi. Çünki bu çəki dərəcəsində pul yoxdur.

- Amma 91 kq-la 91 kq-dan yuxarı çəki dərəcəsinin elə bir fərqi yoxdur...

- Düzdür, lakin boksçu daha yuxarı çəkiyə keçmək istəmir.

- 91 kq sizi niyə maraqlandırmır?

- ABŞ-da bu çəkiyə o qədər də maraq yoxdur. Vaxtilə Evander Holifild də 91 kq-da döyüşüb, amma sonradan superağır çəkiyə keçib. Eyni sözləri Mayk Tayson haqqında da demək olar. Amma Avropada 91 kq-a maraq göstərirlər. Bu, təmiz Avropa çəkisi hesab olunur. ABŞ-da “Top rank” şirkəti var. Vaxtilə Usiklə müqavilə bağlamadılar. Çünki çəkisi onlara maraqlı deyildi.

- Bazar kimi niyə məhz ABŞ-ı seçmisiniz?

- Çünki Avropa zəifdir. Belə bir ifadə var: “ABŞ-da məşhursansa, bütün dünyada məşhursan”. İkincisi, peşəkar boks ABŞ-dan gəlir və bununla bağlı ən güclü biznes oradadır. Hamının arzusu orada vuruşmaqdır. Avropada isə bu sarıdan vəziyyət bir qədər Böyük Britaniyada yaxşıdır. ABŞ etalondur. Hamı bu ölkəyə can atır. UFC oradadır. Hətta MMA-ya da orada böyük maraq var.

- Bu şirkəti quranadək yəqin ki, peşəkar boksa marağınız olub. Menecerlərdən, idmançılardan kimlərlə əlaqələriniz olub?

- ABŞ-da “Boxing stars” adlı şirkətim var, orada fəaliyyət göstərirəm. Ondan sonra 2019-cu ildə Bakıda Artyom Həsənovla görüşdük. Qərara aldıq ki, əvvəlcə Peşəkar Boks Federasiyasını yenidən quraq. Azərbaycanda kimin boks gecəsi təşkil etməsindən asılı olmayaraq, istədik ki, hər şey standartlara uyğun olsun. Çünki bütün dünyada hər kəs eyni standartlarla işləyir. Ona görə də ilk növbədə, federasiyanı qurduq, seminarlar keçirdik. Bundan sonra 2020-ci ilin avqustunda Bakıda şou təşkil etdik. Pandemiya dövrü olduğundan, azarkeşlər iştirak etmədi. Bütün karantin qaydalarına əməl olundu. Zalı hər gün dezinfeksiya edirdik. Belədə mənim özümdə bölünmə gedir. Gərək, bütün işlərə nəzarət edəsən. Artıq federasiya yaxşı işləyir. Dünya üzrə statistika var, Azərbaycandakı boks gecələri də ora düşür. Halbuki əvvəllər belə deyildi. Ukraynadan, Almaniyadan komissiya gətirirdilər ki, həmin şou siyahıya düşsün. Artıq bu problemi aradan qaldırdıq. İndi qalıb şou keçirmək. Bunun üçün ölkədə menecerlər, promouterlər çatmır. Çünki maraq azdır. İnsanlar başa düşməlidir ki, bu, biznesdir və əsas maraq puldur.

- Hazırda neçə boksçunuz var?

- Hazırda Daniyar Yeleussinov, İvan Dıçko, Məhəmmədrəsul Məcidov və Angelina Lukasın meneceriyəm. Həmçinin ABŞ-dan olan iki kişi boksçu ilə əməkdaşlıq edirik. Onlara müşavir kimi kömək edirik. Artıq elə səviyyədədirlər ki, onlara inkişaf üçün vaxt lazım deyil. İlk “10-luq”dadırlar, 12 raundluq döyüşlər görüblər.

- Öz idmançılarınız arasında boks gecəsi təşkil oluna bilərmi?

- Belə bir şey mümkün deyil. Çünki burada çəki amili var.

- Bayaq dediniz ki, boksçuların hamısı yuxarı çəki dərəcələrində mübarizə aparır...

- Yox, elə deyil. Məsələn, Daniyar 66,7 kq-da vuruşur. Ağır çəkidə yalnız Məcidov və Dıçkodur. ABŞ-da bir yerdə məşq edirlər. Onların fərqli turnirlərdə döyüşmələrini istəyirəm.

- Sizcə, durğunluq vəziyyəti nə vaxtadək davam edəcək?

- Bakı nə vaxt böyük boks gecələrinə hazır olsa, “partlayış” da o zaman baş verəcək. Problem sponsorlarla bağlıdır. Məsələn, Qazaxıstanda şou təşkil edəndə büdcənin 70 faizi sponsor gəlirlərindən ibarət olurdu. Orada 5 mərc oyunları şirkəti var. Gedib danışırdıq, biri sponsorumuz olurdu. Beşinin də marağı var idi. Çünki orada normal biznes mühiti var. Büdcənin 30 faizi isə dövlət pulu idi. Əslində tam belə də deyildi. Sadəcə, kömək etmişdilər. İnanmıram ki, Azərbaycanda bu cür boks gecələrinə sponsor marağı olsun. Məsələn, Məcidovun döyüşü əsas olsa, onun üçün ölkə xaricindən rəqib gətirməliyəm ki, bunun da minimum xərci 35 - 40 min ABŞ dolları olacaq. Məhəmmədrəsulun qonorarı var. Bundan başqa, bütün "kard"ı toplamalısan. İdeya ondan ibarətdir ki, döyüşçüləri ölkə xaricindən gətirək, təkcə yerli boksçuları döyüşdürməyək. 2020-ci ildə şou təşkil edəndə pandemiya dövrü olduğundan yalnız ölkə xaricindən idmançı cəlb edə bilmədik. Bu dəfə isə ən azı Rusiya və Ukraynadan boksçu gətirmək olar. Şirkətlər bu cür boks gecələrinə sponsorluq etməyə hazır olduqdan sonra Azərbaycan da öz adını peşəkar boks aləminə qatacaq.

- Maraq yaratmağın bir növü də ermənilərlə qarşılaşaraq, onlara qalib gəlməkdir...

- Bilirsiniz, bunun da o qədər effekti olmur. Məsələn, Rusiyada Elnur Səmədov adlı azərbaycanlı boksçu var. Erməni ilə döyüşə götürmüşdülər. Rəqib favorit və Top-15-də idi. Amma Elnur onu uddu, 8-ci raundda rəqibinin qabırğasını qırdı. Həm kəmərini aldı, həm də reytinqə düşdü. Çox adamın bundan xəbəri olmadı, heç kim yazmadı. ABŞ, İngiltərə, Rusiya qalsın bir tərəfdə, Qazaxıstanda hamı peşəkar boksla maraqlanır. Hansısa idmançıları gedib Papua Yeni Qvineyada da vuruşsa, axtarıb tapacaq və haqqında nə isə yazacaqlar. Bizim jurnalsitlərə isə maraqlı deyil. Səmədov yenə də ermənini uddu, amma yazmadılar. Bizdə Sürət Qarayev adlı idmançı var idi. Onu Qazaxıstandakı turnirə gətirdilər ki, orada uduzsun. Rəqibi isə reytinqli idmançı idi. Sürət rinqdə necə döyüşdüsə, hər tərəf qan içində idi. Təsəvvür edin, içəri girə bilmirdim. Kanatlar belə, qan idi. Döyüşü də saxlamırdılar ki, birdən qazax udar. Amma udmadı.

Son xəbərlər

Orphus sistemi