"Vüqar Həşimov Memorialı-2022" VIII beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.
"Report"un məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, mərhum şahmatçının atası Qasım Həşimov, Təşkilat Komitəsinin üzvləri və digər şəxslər iştirak ediblər.
Mərasimdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, ardınca Vüqar Həşimov haqqında videoçarx nümayiş olunub.
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın şahmatda əldə etdiyi uğurlardan söz açıb: "Azərbaycan şahmatı haqqında çox danışmaq olar. Əsas odur ki, nəticələrimiz davam edir. Artıq tanınmış şahmatçılarımızın davamçıları yetişib. Gənclər turnirlərdən qızıl medallarla qayıdırlar. Ölkəmizdə şahmat yarışları da baş tutur. Naxçıvanda və Şuşada beynəlxalq turnirlər olub. Federasiya və klublar böyük işlər görürlər. İştirakçılara uğurlar arzulayıram".
Memorialın Təşkilat Komitəsinin sədri Qasım Həşimov tədbirə qatılanlara təşəkkür edib: "Bizim dəvəti qəbul edən əcnəbi qrossmeysterə minnətdaram. Bu turnirdə 4 gənc idmançı var, onlardan ikisi azərbaycanlıdır. Vüqar da gənc və yeniyetmə yaşlarında özünü göstərə bilirdi.
Ailəmiz adından Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Ölkə başçısı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçlə görüşündə "Vüqar Həşimov Memorialı-2022"nin əhəmiyyətli olduğunu söyləyib. Yarışdakı bütün şahmatçılara uğurlar arzulayıram".
Son olaraq baş hakim Lütviyar Rüstəmov iştirakçılara qaydalar haqqında məlumat verib.
"Vüqar Həşimov Memorialı-2022"də 7 ölkə - Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı iştirak edəcək.
Memorial rapid və blits üzrə təşkil olunacaq. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 24-dək “Fairmont Baku” hotelində baş tutacaq.