“Vüqar Həşimov” layihəsinin ilk gündən məqsədi azərbaycanlı gənclərin yetişdirilməsidir.
Bunu “Report”a açıqlamasında Serbiyanın Vranyatske-Bane şəhərində keçirilən Avropa Kubokunda iştirak etmiş “Vüqar Həşimov” klubunun kapitanı Sərxan Həşimov deyib.
Şahmat Federasiyasının İcraiyyə Komitəsinin üzvü nəticəni uğurlu hesab etdiyini söyləyib:
“Komandamız Azərbaycan gənclərindən ibarətdir. Hansı ki, əsas yığmamız üçün aparıcı şahmatçıların əvəzinə yetişdirilirlər. Gənclərimizin başqa yerlərdə iştirak etmələri mümkün olmadığından Vüqar Həşimov Şahmat Fondu belə bir layihə yaradıb. Klubda gənclərdən Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə Ülvi Sadıqov çıxış edirdi. Onlar klub yaradılandan heyətdədirlər. Bu ildən Vüqar Manaflı da əlavə olundu. Hətta Əhmədlə Aydın ilk normativlərini məhz bu klubda toplayıblar. Aydınla Vüqar artıq milli üzvləridirlər. Əhməd 2500 əmsalla oynayan şahmatçıdır. Bu yarışda reytinqini daha 18 əmsal artırdı”.
O, komandanın Avropa Kubokunda daha yaxşı nəticə göstərə biləcəyini vurğulayıb:
“Daha yaxşı nəticə əldə edə bilərdik, bu həmişə mümkündür. Ancaq nəzərə almaq lazımdır ki, ora gələn klubların həm büdcəsi çoxdur, həm də hədəfləri fərqlidir. Onlar kuboku qazanmaq istəyirdilərsə, biz gənclərimizin komanda şəklində oynaması üçün daha yaxşı şərait yaratmaq niyyətindəyik. Şahmatçılar bir-birinə dəstək olurdular. Birinin lövhədə vəziyyəti pis olanda, digəri heç-heçəyə razılaşırdı. Məsələn, son matçımızı xüsusi qeyd edərdim. Əhmədin durumu pis olduğu üçün digər komanda yoldaşları riskə gedərək qələbəyə oynamağa başladı və alındı. Dünyanın ən bahalı klubu olan “Superçess”lə oynda, təəssüf ki, şahmatçılarımızdan biri debütü səhv saldı və pis vəziyyətə düşdü. Bu səbəbdən komanda yoldaşlar risk etməyə başladı. Hətta Rauf Məmmədov qara fiqurlarla Dommaracu Qukeşə qarşı risk etdi. Oyunda qələbəyə yaxın vəziyyət yaranmışdı. Ümumilikdə nəticəni uğurlu hesab edirəm. Ancaq bu kifayət deyil, üzərində çalışacağıq. Gənclərimiz daha güclü olub, fərqli nəticələr göstərə bilərlər”.
Vüqar Həşimovun qardaşı yaxın vaxlarda təcrübəli qrossmeyster Şəhriyar Məmmədyarovun da kluba cəlb oluna biləcəyini deyib:
“Konsepsiyamız əsasən gənclərə hesablanıb. Məqsəd yeni şahmatçıların yetişdirilməsidir deyə, buna uyğun addım atırıq. Lakin Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovla ayrı-ayrılıqda danışıqlarımız olmuşdu. Bəlkə də yaxın vaxtlarda belə dəyişikliklər olacaq. Komandaya qatılmağa ən yaxın Şəhriyardır. Həqiqətən istərdik dəstək olsun. Danşıqlara baxmayaraq, bu il hazırkı formada davam etdik. Gələcəkdə əməkdaşlıq ola bilər. Amma bir şərtlə ki, əsas komandaya namizəd gördüyümüz gəncləri uzaqlaşdırmayaq. Hansısa aparıcı şahmatçı real istedadın yerini tutacaqsa, bu alınmayacaq. Üstünlüyü daha çox gənclərə verəcəyik. Hətta Vüqar Həşimovun da istəyi bu idi. O, özü də bölgələrdə “ustad dərsi” keçirdi ki, yeni şahmatçılar üzə çıxsın. Titullu şahmatçılardan Rauf Məmmədova təşəkkür edirəm ki, birinci lövhədə oynayır. Vacib matçlarda qələbə qazandı və gənclərə lazımi dəstəyi göstərdi”.
Kapitan FIDE-nin klublar arasında təşkil etdiyi yarışa qatılmaq istədiklərini vurğulayıb:
“Hazırda dünyada iki yarış var ki, klub şəklində qatılmaq mümkündür. Biri FIDE-nin təşkil etdiyi turnirdir, digəri də son olaraq müabrizə apardığımız Avropa Kubokudur. FIDE-nin yarışında iştirak etməyə çalışacağıq, hansı ki, gələn il keçiriləcək. Bununla yanaşı, yoldaşlıq görüşləri üçün fərqli klublardan dəvət almışıq”.
Qeyd edək ki, “Vüqar Həşimov” klubu Avropa Kubokunda 84 iştirakçı arasında 10 xalla 13-cü yeri tutub.