Böyük Britaniyada Vindzor qəsrinin ərazisindəki ənənəvi “Kral Atçılıq Şousu”nda Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından "Report"a verilən məlumata görə, Britaniyayadək böyük yol qət etmiş 15 Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqramı tamaşaçılar yüksək rəğbətlə qarşılayıb.
5 000 tamaşaçının tribunalardan və milyonlarla insanın ekran qarşısında canlı baxdığı 6 dəqiqəlik “Odlar yurdu” tamaşasında süvarilərin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqi sədaları altında milli rəqslər izləyiciləri valeh edib.
Həftəsonu Azərbaycan heyətinin daha 3 çıxışı nəzərdə tutulur. Həmin tədbirlər İngiltərənin böyük izləyici kütləsinə malik televiziya kanallarında və internet platformalarında canlı təqdim olunacaq.