Ukraynalı boksçu Oleksandr Usik hakimlərin yekdil qərarı ilə britaniyalı Tayson Fyurini məğlub edərək WBC, WBA və WBO versiyaları üzrə superağır çəki dərəcəsində dünya çempionluğu titulunu qoruyub.
“Report” xəbər verir ki, döyüş Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Kingdom Arena”da keçirilib.
12 raund davam edən döyüş hakimlərin yekdil qərarı ilə Usikin qələbəsi ilə başa çatıb. Hər üç hakim eyni xalla – 116:112 hesabı ilə ukraynalı boksçunun qələbəsini elan edib.
Qeyd edək ki, rəqiblər ikinci dəfə qarşılaşıblar. May ayının 19-da keçirilmiş ilk döyüşdə hakimlərin qərarı ilə Usik qalib gəlmişdi.
37 yaşlı Usik Ümumdünya Boks Assosiasiyası (WBA, “super” əlavəsi ilə) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə dünya çempionu titullarını dördüncü dəfə, Ümumdünya Boks Şurasının (WBC) kəmərini isə ilk dəfə müdafiə edib.