Üçqat olimpiya çempionuna qalib gələn yunan atıcı: “Bu, mənim ilk qızıl medalımdır” 

Üçqat olimpiya çempionuna qalib gələn yunan atıcı: “Bu, mənim ilk qızıl medalımdır”  Bakıda keçirilən dünya çempionatının kişilər arasında dairəvi stend atıcılığı növündə Yunanıstan təmsilçisi Eftimios Mitas birinci yeri tutub.
Fərdi
19 Avqust , 2023 18:34
Üçqat olimpiya çempionuna qalib gələn yunan atıcı: “Bu, mənim ilk qızıl medalımdır” 

Bakıda keçirilən dünya çempionatının kişilər arasında dairəvi stend atıcılığı növündə Yunanıstan təmsilçisi Eftimios Mitas birinci yeri tutub.

38 yaşlı idmançı mükafatlandırma mərasimindən sonra "Report"un suallarını cavablandırıb.

- Güclü rəqiblərinizin olduğu yarışda qızıl medal qazanmağınız nə dərəcədə gözlənilməz oldu?

- Dünya kubokunda 2 medalım var idi. Bu çempionatın mənim üçün necə alınacağı ilə bağlı həyəcan keçirirdim. İlk növbədə komandama təşəkkür edirəm. Onların dəstəyi mənim üçün çox vacib idi. Rəqiblərim güclü idilər. Bununla belə, inanırdım ki, qızıl medal qazanacağam. Budur, indi boynumda medallarım var. Buna görə çox sevincliyəm.

- Yarışın gedişində bəzən küləklə mübarizə aparırdınız. Bu baxımdan problem yaşadınız?

- Külək çox güclü olmadı. Bilirik ki, Bakı küləklər şəhəridir. Buna görə də, yarışa çox ciddi hazırlaşmışdıq. Daha güclü əsən külək şəraitində məşq etmişik. Bu dəfə çətinlik olmadı.

- Bu qələbəni futbol və basketbol oyunçuları kimi qeyd etdiniz. Üslubunuz belədir?

- Bizim idman növü bir az mürəkkəbdir. Bəzən siz nəyisə qeyd edər, amma növbəti dəfə hədəfi vurmaya bilərsiniz. Ona görə də, hər dəfə sevinmək olmur. Axırıncı atışdan sonra fikirləşdim ki, qeyd etmək yerinə düşər.

- Siz son dünya çempionu və üçqat olimpiya çempionuna qalib gəldiniz...

- Həqiqətən də, çox çətin final oldu. Bütün rəqiblərimə hörmət edirəm. Amma başa düşürdüm ki, bu, mənim şansımdır. Ona görə, sadəcə, yarışa kökləndim və ancaq qələbəni düşündüm. Final üçün çox çalışdım. Nəticədə hər şey yaxşı oldu.

- Yunanıstan son vaxtlar atıcılıq idman növündə yaxşı naliyyətlər əldə edir. Bununla bağlı nə deyə bilərsiniz?

- Bu, məni çox sevindirir. Biz dünya çempionatında gələn il keçiriləcək Yay Olimpiya Oyunlarına da lisenziya qazandıq. Bu, mənim ilk qızıl medalımdır.

- Azərbaycanla və turnirdə yaradılmış şəraitlə bağlı düşüncələriniz necədir?

- İlk dəfə 2015-ci ildə Avropa Oyunları zamanı burada olmuşam. Bakı həmin vaxtdan mənim üçün doğmadır. Şəhəri çox sevirəm. Burada çoxlu dostarım var. Özümü paytaxtınızda çox rahat hiss edirəm. Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərovla da yaxşı münasibətlərim var. Burada heç bir problemlə üzləşməmişik. Hər şey çox yaxşıdır.

Son xəbərlər

Orphus sistemi