Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (IOC) 137-ci Sessiyası işə başlayacaq.
"Report"un məlumatına görə, toplantı üç gün onlayn formatda keçiriləcək.
İclasın ilk günündə IOC-a prezident seçiləcək. Qurumun hazırkı prezidenti Tomas Bax bu postda yeganə namizəddir.
Daha əvvəl IOC-un Sessiyasının Yunanıstanın paytaxtı Afinada təşkili nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası səbəbindən tədbirin onlayn keçirilməsi qərara alınıb. Seçkilərdən əvvəl Bax, komissiyalar və IOC rəhbərliyi gördükləri iş barədə hesabat verəcəklər.
Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunları İOC-un Sessiyasının ikinci günündə - martın 11-də müzakirə ediləcək. Eyni zamanda 2022-ci il Pekin Qış Olimpiya Oyunları diqqət mərkəzində olacaq. Daha sonra isə İOC Komissiyası 2032-ci il Yay Olimpiya Oyunları ilə bağlı hesabatı dinləniləcək. IOC İcraiyyə Komitəsi Avstraliyanın Kvinslend ştatını 2032-c ildə keçiriləcək Yay Olimpiya Oyunlarına əsas namizəd kimi təsdiqləyib.
Sessiya martın 12-də başa çatacaq. İclasda digər vacib məqam 2025-ci ilədək olimpiya hərəkatının 15 bənddən ibarət inkişaf strategiyasının təsdiqlənməsi olacaq. Bu, 2013-cü ildə təsdiqlənmiş proqramın davamıdır.
Qeyd edək ki, Tomas Bax 2013-cü ildən IOC-un prezidentidir.