"İlkin mərhələdə Maksim Vaşye-Laqrav və Uesli So ilə qarşılaşmalarda yaxşı şansım oldu. Amma çox xal toplayıb, 1/4 finaldan kənarda da qala bilərdim".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışın rəsmi saytına açıqlamasında Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsindəki çıxışı barədə danışarkən deyib.
34 yaşlı qrossmeyster 1/4 finalın niderlandlı Aniş Girini üstələdiyi görüşə də toxunub: "Hər ikimiz müdafiədə etibarlı oynadıq. Bəzən mən daha çox müdafiə olunurdum. Düşünürəm ki, bu strategiyanın faydası oldu. Bu raundun ilk günündə daha yaradıcı oynadım. Hər ikimiz xeyli enerji sərf etdik. Bilirsiniz, təsnifat mərhələsində çox və ya az xal toplamaq olar. Əsas odur ki, siz artıq 1/4 finaldasınız və bunadək olan nəticələrdən asılı olmayaraq, görüşü udmaq lazımdır. Əlbəttə, baxımlı oyun göstərmək xoşdur".
Təcrübəli şahmatçı yarımfinala adlamasına baxmayaraq, Giriyə qarşı yaxşı mübarizə aparmadığını etiraf edib: "Özümdən daha çox şey gözləyirdim. Demək olar ki, hər ay turnir keçirilir. Bir az keçir, sonra görürəm ki, tezliklə yeni turnir başlayacaq. Bizə burada yüksək səviyyədə çıxış etmək üçün çoxlu enerji lazımdır. Təbii ki, supergüclü rəqiblərlə üz-üzə gəlirəm. Əlimdən gələni edirəm. Amma Giri ilə duelin ilk günündə problemlərim oldu. Ağ fiqurlarla zəif oyunum digər partiyalara mənfi təsir göstərdi. Düzdür, hər ikimizin yaxşı şansları oldu. Lakin sonuncu partiyanı uduzmamalı idim. Həmin görüşü çox pis keçirdim. Bəzi görüşlərdə məyus olsam da, son nəticə məni qane etdi"
Rəcəbov yarımfinaldakı rəqibi, ABŞ təmsilçisi Uesli Sonu arzuolunmaz rəqib adlandırıb: "Bu mərhələni keçib-keçməyəcəyimi bilmirəm. So təhlükəli oyunçudur və qarşısındakına elə də çox şans vermir. Giri haqqında da eyni sözləri demək olar. Uesli asanlıqla təslim olmur. So bunu əvvəlki turnirlərin birində göstərib. Gəlin, görək nə baş verəcək. Bayaq da qeyd etdiyim kimi, bütün rəqiblər güclüdür. Ona görə də bu turnirdə iştirak etməkdən məmnunam. Şahmat oynamağı, öz səhvlərimi görməyi sevirəm".
Tanınmış qrossmeyster Çempionlar Turundan sonra 2022-ci ildəki İddiaçılar turnirinə hazırlaşacağını vurğulayıb: "Çempionlar Turu hardasa sentyabrın ortalarında başa çatacaq. Hazırlıq üçün kifayət qədər vaxtım olacaq. Yenə də iştirak edəcəyimiz turnirlərin davamlı olacağı görünür. Öz həmkarlarıma, ən yaxşı oyunçulara qarşı mübarizə aparmaq məni sevindirir. Həmçinin Maqnus Karlsenə qarşı oynamaq əla olardı. Çünki onunla rəqabət aparmaq çox çətindir. Gəlin, tələsməyək. Hələ So ilə görüşlərim var. O, çox yaxşı oyunçudur. Yarımfinalda belə bir rəqiblə üz-üzə gəldiyim üçün xoşbəxtəm".
Rəcəbov qələbə qazandığı gərgin görüşlərdən sonra nə ilə məşğul olduğunu da açıqlayıb: "Hansısa formada qələbədən zövq alıram. Yatmazdan öncə oyunları yenidən izləmək, nə baş verdiyini görmək məcburiyyətindəyəm. Bir qayda olaraq, erkən yatmaq mənim üçün çətindir. Yəqin ki, bu, hazırda təcrid olunmuş hər kəs üçün problemdir".
Qeyd edək ki, Teymur Rəcəbov yarımfinalın ilk günündə Uesli Soya uduzub - 1,5:2,5 hesabı ilə. Şahmatçılar arasında növbəti partiyalar bu gün olacaq.