Yeni zelandiyalı transgender ağırlıqqaldıran Lorel Habbard Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
"Report"un "Inside the Games"a istinadən məlumatına görə, 43 yaşlı idmançı Beynəlxalq Olimpiya Komitəsinin reytinq sıralaması nəticəsində olimpiadada iştirak hüququ qazanıb.
Hazırda Habbard qadınların yarışında 87 kq-dan yuxarı çəki dərəcəsində 16-cı sıradadır. Lakin idmançıdan daha çox xala malik ən azı 6 idmançı cəza səbəbindən Tokioyaya gedə bilməyəcək.
Habbard Yay Olimpiya Oyunlarında ən yaşlı ağırlıqqaldıran olacaq. Onun ən yaxşı nəticəsi iki hərəkətin cəmində 285 kq-dır. Bu isə ağırlıqqaldıranın "Tokio-2020"yə qatılmasını təmin edir. Rəqiblərindən yalnız 3-ü Habbarddan daha yaxşı nəticə göstərib.
Qeyd edək ki, Lorel Habbardın 10 il əvvəl adı Gevin olub. Beynəlxalq uğurları az olsa da, o, ölkəsinin aparıcı kişi ağırlıqqaldıranlarından hesab edilib. Habbard 35 yaşında karyerasını başa vuraraq, yerli federasiyada işləməyə başlayıb. Ardınca isə təcrübəli idmançı cinsiyyətini dəyişdirməyə qərar verib. Bundan sonra o, 2017-ci il dünya çempionatında gümüş medal qazanıb. Habbard IOC-un gen terapiyası ilə bağlı tələblərini yerinə yetirərək, tarixdə ilk dəfə transgender kimi olimpiadaya vəsiqə əldə edib.