Sənan Süleymanov: "Bu günədək ermənilərin hamısına qalib gəlmişəm"

Sənan Süleymanov: "Bu günədək ermənilərin hamısına qalib gəlmişəm" "Çempionluğa layiq idim, amma qismət olmadı"
Fərdi
26 Aprel , 2021 11:59
Sənan Süleymanov: Bu günədək ermənilərin hamısına qalib gəlmişəm
Sənan Süleymanov

"Keçən il çempion olmağıma baxmayaraq, budəfəki nəticəm də məni çox sevindirdi. Əsas da medalsız qalmadığıma görə sevinirəm".

Bu fikirləri "Report"a açıqlamasında Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güəşçisi Sənan Süleymanov deyib.

77 kq çəki dərəcəsində çıxış edən idmançı yaxşı formada olduğunu bildirib: "Çempionluğa layiq idim, amma qismət olmadı. Hakimlərin qərarı və haqsızlığı məni qızıl medaldan məhrum etdi. 1/4 final mərhələsində türkiyəli Yunus Emre Basara 5:8 hesabı ilə uduzdum. 8 xaldan 5-i rəqibə heç nədən verildi. Təbii ki, mən bunları bəhanə etmirəm. Yekunda 3-cü yeri tutmuşam və bu, heç nəyi dəyişmir".

Təsəlliverici qarşılaşmada Ermənistan təmsilçisi Varujan Qriqoryanı məğlub edən Süleymanov indiyədək vaxtadək bu ölkənin idmançılarına uduzmadığını xatırladıb: "Bu, ermənilərlə 5-ci qarşılaşmam idi. İndiyədək hər dəfəsində qalib gəlməyi bacarmışam. Bütün görüşlərdə olduğu kimi, bu da məsuliyyətli və önəmli idi. Hətta daha artıq məsuliyyət tələb edirdi. Çünki rəqib erməni idmançı idi. Həmişə onlara qarşı normal görüşlərdən daha fərqli, hazırlıqlı, məsuliyyətli və daha istəkli hazırlaşıb görüşə çıxıram".

25 yaşlı güləşçi Avropa çempionatında qızıl medal qazana bilməmələrini bu cür izah edib: "Yunan-Roma güləşində 8 çəkidə mübarizə apardıq. Yarışa tam heyətlə yollanmadıq. Çünki hazırda bizim üçün ən önəmli olan olimpiadadır. Ona da hazırlığımız yüksək səviyyədə gedir. Məndən əlavə, Eldəniz Əzizlinin də qızıl medal üçün şansı var idi. O da hakimlərin haqsız qərarları ilə üzləşdi. Biz qitə çempionatında bürünc medalla kifayətlənməli olduq".

Süleymanov Dünya Olimpiya Təsnifat Turnirində iştirakının dəqiq olmadığını söyləyib: "Olimpiadada medal qazanmaq hər idmançının arzusudur. Mənimdə həmçinin. Avropa Olimpiya Təsnifat Turnirində xorvatiyalı idmançıya 1:1 hesabı il məğlub oldum. Nəticədə ölkəmə lisenziya qazandıra bilmədim. Buna görə məyusam. Hər idmançı növbəti təsnifat yarışına hazır olmalıdır. Bu səbəbdən, həmişə formada qalmağa çalışıram. Sonda kimin yarışa gedəcəyinə federasiya rəhbərliyi və məşqçilər heyəti qərar verəcək".

Son xəbərlər

Orphus sistemi