Rüstəm Orucov: "Karapetyanın səviyyəsiz hərəkətləri məni çox əsəbiləşdirdi" - MÜSAHİBƏ

Rüstəm Orucov: "Karapetyanın səviyyəsiz hərəkətləri məni çox əsəbiləşdirdi" - MÜSAHİBƏ "Özüm qarabağlıyam deyə, həmişə ermənilərlə üz-üzə gələndə uduzmaqdan çəkinirdim. Çünki monitor arxasında oturub "Erməniyə uduzdu, nə gündədir?!" yazanlar olacaq"
Fərdi
10 Mart , 2021 12:43
Rüstəm Orucov: Karapetyanın səviyyəsiz hərəkətləri məni çox əsəbiləşdirdi - MÜSAHİBƏ
Rüstəm Orucov

Özbəkistanın paytaxtı Daşkənddəki Böyük Dəbilqədə bürünc medal qazanmış Azərbaycan cüdoçusu Rüstəm Orucovun "Report"a müsahibəsi

- Böyük Dəbilqədə daha yüksək nəticə göstərə bilməməyinizə səbəb nə oldu?
- Mən də istərdim ki, medalın əyarı qızıl olsun. Daşkəndə məhz bunun üçün yollanmışdım. Amma məşqçilərim də demişdi ki, bu yarış mənim üçün elə də vacib deyil. Sadəcə, sınaq turniri idi. Əsas hədəfimiz Tokio Yay Olimpiya Oyunlarında uğurla çıxış etməkdir. Buna baxmayaraq, məğlubiyyəti sevmirəm. Hər dəfə uduzanda çox pis oluram.

- Geyindiyiniz formada xarı bülbül ikonası var idi...
- Bunu özüm etmişdim. Hamıya göstərmək istəyirdim ki, şəhidlər unudulmur, biz onları heç vaxt unutmayacağıq və onlar həmişə qəlbimizdə yaşayacaqlar.

- 1/4 finalda həmişə məğlub etdiyiniz Ferdinand Karapetyanı üstləyə bilmədiniz. Məğlubiyyətə səbəb nə oldu?
- İdmanda hər şey ola bilər. Həmişə udduğuma bu dəfə uduzdum. Amma digər tərəfdən sevinirəm ki, bu, adi turnir idi, olimpiada deyildi. Yaxşı ki, bura gəldim, özümü yoxladım və səhvimi gördüm.

- Nədə səhv etdiyinizi düşünürsünüz?
- Uduzmağıma səbəb rəqibin məni hirsləndirməsi oldu. Mənimlə kobud güləşməyə başladı. Parterdə olanda mənə ayağı ilə qəsdən vurdu, hakim görməyəndə parterdə sifətimə yumruq vurdu. Mən də ona əsəbiləşdim, özümdən çıxdım və onunla açıq güləşməyə başladım. Həmişə mən Ferdinandla məsafəli güləşirdim, onu yorub atırdım. Bu dəfə əsəbiləşdiyim üçün onunla açıq güləşdim. Bu, onun texnika və taktikası idi. Məni əsəbiləşdirib əks-hücuma keçmək istəyirdi. Fəndə girdiyim vaxt məni əks-hücumda tutdu. Bu, idmandır, hər şey ola bilər. Yaxşı ki, burada hər şeyi gördüm. Gələn dəfə başqa cür olacaq.

- Sizcə, Azərbaycan və Ermənistan idmançıları arasındakı qarşılaşmaların prinsipiallığı artıq keçmişdə qalmalıdırmı və bunun davam etməsi idmançılar üzərində təzyiq yaratmır?
- Mən siyasəti idmana qatmağı xoşlamıram. Həmişə çalışırdım ki, belə şeylərdən uzaq durum. Özüm qarabağlıyam deyə, həmişə ermənilərlə üz-üzə gələndə uduzmaqdan çəkinirdim. Çünki monitor arxasında oturub "Erməniyə uduzdu, nə gündədir?!" yazanlar olacaq. Siyasəti idmana qatmağı heç vaxt xoşlamamışam. Amma axırıncı dəfə Karapetyanın səviyyəsiz hərəkətləri məni çox əsəbiləşdirdi. Bundan əvvəl onu 3 dəfə udmuşdum, amma heç vaxt belə şey etməmişdim. Görürdüm ki, görüşdən sonra yaxınlaşır mənə əl uzadır, mən də əl uzatmışam. Göstərmək istəyirdim ki, siyasəti idmana qatmaq olmaz. Amma o, axırıncı hərəkəti ilə öz "səviyyə"sini göstərdi.

- Sonda hər ikiniz üçüncü yeri tutdunuz və Azərbaycan bayrağı təltifetmədə Ermənistan bayrağından əvvəl dayandı...
- Birinci mən güləşdiyim üçün bizim bayraq oldu. Sonra isə o güləşdi. Ona görə onların bayrağı lap axırda oldu. Bu, sadəcə yarışın protokolu ilə bağlı məsələdir.

- Bürünc medal uğrunda görüşdə Özbəkistan təmsilçisi Obidxon Nomanova qalib gəldiniz və qarşılaşmanın ardından rəqibin qollarını havaya qaldırdınız. Bu, yerli azarkeşlərə jest idi?
- Özbəkistanlı azarkeşlər həmin yarışda mənə də çox dəstək oldular. Ermənistan təmsilçisi və digər rəqiblərlə güləşəndə məni dəstəkləyirdilər. Tatamiyə çıxanda "Rüstəm" deyə qışqırırdılar. Ona görə sevincimi azarkeşlərlə bölüşdüm. Həmin hərəkətlə onlara "çox sağ ol" dedim. Göstərdim ki, bura qədər gəlibsə, rəqib də, mən də qalibəm. Tatamidən çıxanda hamı əl çalırdı. Bu hərəkətim azarkeşlər üçün də xoş idi. Sağ olsunlar, mənə dəstək oldular.

- Qarşıdakı yarışlarda və ən əsası Tokio olimpiadasındakı hədəfləriniz nədir?
- Mən olimpiadaya kimi Avropa çempionatında çıxış edəcəyəm. Yığma komanda digər yarışlara qoşulacaq. Lisenziyanı faktiki təmin etdiyim üçün yarışları azaldır, əsas üstünlüyü məşqlərə verirəm. Avropa çempionatında və olimpiadada hansı nəticəni qazanacağımı indidən demək olmaz. Bunu zaman göstərəcək.

Son xəbərlər

Orphus sistemi