Rusiyalı fiqurlu konkisürən Alyona Kostornaya Azərbaycan millisində çıxış edə bilər.
"Report" xəbər verir ki, bunu amerikalı jurnalist Nolan Karni iddia edib.
O, Kostornayanın zədələnməsində qəribə alt mətn görüb.
İdmançı özü ağır xəstəlikdən əziyyət çəkdiyini, bu səbəbdən Georgi Kunitsa ilə duetdə cari mövsüm keçiriləcək yarışlardan çoxunu buraxacaqlarını bir müddət əvvəl açıqlamışdı.
“Sınaq çıxışlarından sonra Alyona duetlərinin karyeralarında mühüm mərhələyə çatdığını, ciddi qərar verməli olduqlarını söylədi. Ola bilsin, nəyəsə işarə edirdi. İndi o, xəstəxanadadır. Bəlkə də həll yolu başqa ölkəyə köçməkdir. Fakt olmasa da, Alyonanın Azərbaycan millisinə keçmək istəməsi ilə bağlı şayiələr yayılıb. Və o, bu payız "dözərsə", Rusiya Fiqurlu Konkisürmə Federasiyasından ayrılıb xarici vətəndaşlıq almağa vaxtı olacaq”, - N.Karni vurğulayıb.
Qeyd edək ki, Alyona Kostornaya 2003-cü il avqustun 24-də Moskvada anadan olub. O, 2020-ci ildə Avstriyanın Qrats şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.