Rafiq Hüseynov: "Bəxt sayəsində dünya çempionu olmadığımı sübut etməliyəm"

Rafiq Hüseynov: "Bəxt sayəsində dünya çempionu olmadığımı sübut etməliyəm" "Ölkədə məni məğlub edəcək biri olacaqsa, yəqin ki, mən də öz yerimi tutmağa çalışacaq və getdikcə güləşlə vidalaşacağam"
Fərdi
18 Yanvar , 2022 14:47
Rafiq Hüseynov: Bəxt sayəsində dünya çempionu olmadığımı sübut etməliyəm

2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında Azərbaycana medal qazandırmış yeganə yunan-Roma güləşçisi Rafiq Hüseynov olub.

Ötən il Norveçin paytaxtı Oslodakı mundialda 82 kq çəki dərəcəsində qızıl medal qazanmış təcrübəli idmançı "Report"a müsahibəsində qarşıdakı hədəflərindən danışıb. 2011 və 2020-ci illərdə Avropa çempionluğuna da nail olmuş Hüseynov hələlik karyerasını bitirməyi düşünmədiyini söyləyib.

- 2021-ci ildə dünya çempionu olmaqla yanaşı Tokio olimpiadasında da bürünc medal qazandınız. Ötən ili karyeranız üçün necə dəyərləndirirsiniz?

- 2021-ci ildə özümü əla yox, yaxşı dəyərləndirirəm. 100 faiz nəticə göstərdiyimi deyə bilmərəm. 90 faiz nəticə göstərmişəm. Olimpiadada medalım qızıl olmadı və Avropa çempionatına qatılmadım. Uzun illərdən sonra Yay Olimpiya Oyunlarına lisenziya qazandım, Tokio-2020-də iştirak etdim və bürünc medal qazandım. Daha sonra dünya çempionu oldum. Bunlar böyük nəticələrdir. Amma özümə qiymət verirəmsə, 5 ballıq şkala ilə 4, yəni, yaxşı qiyməti verərəm.

- 2022-ci ildəki hədəfləriniz nədir?

- Bu, bizim üçün ağır illərdən biri olacaq. Olimpiadadan sonra hər kəs sıfırdan başlamağa çalışacaq. Eyni zamanda yeni rəqiblər ortaya çıxacaq. Əlbəttə, bizim də hədəflərimiz böyükdür. Hazırda Gürcüstanda təlim-məşq toplanışındayıq. Sonra Türkiyəyə hazırlıq prosesinə yola düşəcəyik. Orada isə Yaşar Doğu, Vehbi Emre və Hamit Kaplan turnirinə qatılacağıq. Bu da Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq. Avropa çempionatından sonra bizi müəyyən beynəlxalq yarışlar gözləyir. Avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarından sonra dünya çempionatında iştirak edəcəyəm. Bir daha sübut etməliyəm ki, boşuna və bəxti gətirərək dünya çempionu olmamışam. İlk olaraq, məhz bunun üçün çalışıram. Mundialdan sonra Bakıda Dünya Kuboku da gözlənilir. Bu, hələlik Dünya Güləş Birliyində (UWW) təsdiqlənməyib. Amma şayiələr var ki, Dünya Kuboku Bakıda olacaq. Bu il hədəflərimiz büyükdür. Çalışmalıyıq ki, ötənilki nəticələrimizi ən azı, təkrarlaya bilək.

- Daha neçə il idmanda qalmağı hədəfləyirsiniz?

- Hələlik qarşıma belə hədəf qoymamışam. Sadəcə, bacardığım qədər güləşəcəyəm. Ölkədə məni məğlub edəcək biri olacaqsa, yəqin ki, mən də öz yerimi tutmağa çalışacaq və getdikcə güləşlə vidalaşacağam.

- Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək niyyətiniz var?

- Paris olimpiadası ilə bağlı qarşıma hansısa hədəf qoymamışam. Çalışıram ki, gənc idmançılardan geri qalmayım. Onlar bir məşq edirlərsə, mən ikiqat artıq çalışıram. Paris olimpiadasında kimin iştirak edəcəyi 2023-cü ildə bəlli olacaq. Bu səbəbdən, qarşıma əvvəlcədən hədəf qoymuram.

- Milli komandanın baş məşqçisi Aleksandr Tarakanov "Report"a müsahibəsində sizi səbrli idmançı kimi xarakterizə edib. Həqiqətənmi səbr sayəsində ötən il dünya çempionu oldunuz, yoxsa baş məşqçi amili başlıca rol oynadı?

- Səbrli idmançı olduğum doğrudur. Daha əvvəl də məğlub olduğum və ya mükafatçılar sırasına düşdüyüm yarışlar var idi. Çoxu məhz səbrin hesabına olub. Dünya çempionluğu isə sırf Aleksandr Tarakanovun köməkliyi ilə olub. Onun məşqləri mənim güləşimə çox uyğundur. Buna görə daha yüksək nəticə əldə etmişəm. Düşünürəm ki, səbr və Tarakanovun mənə çox köməyi olub.

- Təcrübəli idmançı kimi gənc güləşçilərə hansı məsləhətləri vermək istəyirsiniz?

- Məsləhətim odur ki, məşğul olmağa başladıqları işi sevsinlər. İşini sevmirsənsə və öhdəsindən gələ bilmirsənsə, xeyir tapa bilməyəcəksən. Bundan əlavə, ən böyük məsləhətim odur ki, öz məşqçilərinin qədrini bilsinlər. Məşqçiləri özlərinə dayaq görsünlər və onların sözlərinə qulaq assınlar. Məncə, idmanda ən vacib amillərdən biri məşqçinin avtoritetidir.

- Karyeranızı bitirəndən sonra məşqçilik etməyi planlaşdırırsınız?

- Bu barədə karyeramı bitirdikdən sonra düşünməyə başlayacağam. Vaxtı gələndə məsləhət bilsələr, məşqçi kimi çalışaram. Amma daha yüksək vəzifələrdə işləməyi də hədəfləyirəm.

- 2021-ci ildə İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən, ilin ən yaxşı idmançısı karateçi İrina Zaretska seçilib. Siz isə az xal fərqlə ikinci olmusunuz. Qalib ola bilməməyinizə münasibətiniz necədir?

- Zaretskanın ilin idmançısı seçilməsi haqlı qərardır. Özüm də bu seçimlə razıyam. Dostlarla, idmançılarla bu fikri artıq neçə vaxtdır müzakirə edirik. Mən deyirəm ki, İrinanın seçilməsi düzgün idi. Çünki o, il ərzində Avropa və dünya çempionu olmaqla yanaşı, olimpiadada məndən yüksək nəticə göstərib. Özümün seçilməməyimə səbəb odur ki, Avropa çempionatına qatılmamışam və eyni zamanda olimpiadada üçüncü yeri tutmuşam. İrina isə gümüş medala sahib çıxıb. Bu baxımdan haqlı seçimdir. Mən də heç təəssüflənmirəm. Sevinirəm ki, Azərbaycanda idmançılar arasında böyük rəqabət var.

- Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib. Yeni rəhbərlikdən gözləntiləriniz nədir?

- Dövlət rəhbərliyi bu işi diqqətdə saxlayıbsa, əminəm ki, hər şey əla olacaq.

Son xəbərlər

Orphus sistemi