Nəriman Abbasov: "Azərbaycan güləş məktəbinin gücünü göstərdik"

Nəriman Abbasov: "Azərbaycan güləş məktəbinin gücünü göstərdik" "Qələbəmi 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizə və qazilərimizə həsr edirəm. Çünki onların haqqı ödənilməzdir"
Fərdi
142
13 Aprel , 2021 08:47
Nəriman Abbasov: Azərbaycan güləş məktəbinin gücünü göstərdik
Nəriman Abbasov

Moskvada keçirilmiş “AMC Fight Night100” turnirində Rusiya təmsilçisi Şamil Amirova qalib gələn Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasovun "Report"a müsahibəsi...

- Rəqibiniz güləş üzrə yeniyetmələr arasında Avropa çempionu idi. Onu necə analiz etmişdiniz?

- Yaxşı bilirdim ki, o, döyüşdə daha çox güləş üslubundan istifadə edəcək. Döyüşü də elə qurdum ki, müdafiə oluna-oluna mübarizəni ayaqüstə davam etdirim.

- Rəqibiniz müsahibələrinin birində Dağıstan güləşi ilə müqayisədə Azərbaycan güləş məktəbinə yuxarıdan aşağı baxdığını sezdirmişdi...

- Bəli, müsahibə ilə tanış olmuşdum və cavabımda bildirmişdim ki, o, Azərbaycan güləş məktəbinin gücünü görəcək. Gücümüzü ona layiqincə göstərdiyimiz üçün sevinirik.

- Sizin döyüşünüzdən əvvəl Rusiyanı təmsil edən erməni idmançı məğlub oldu. Bu, sizi nə dərəcədə stimullaşdırdı?

- Düzü, o döyüşə baxmamışam. Erməni idmançı döyüşən vaxtı isinmə hərəkətləri edir, döyüşə hazırlaşırdım. Bütün fikirlərimi öz döyüşümə kökləmişdim. Çünki bu, mənim üçün prinsipial xarakter daşıyırdı. O, 77 kq-da çempion olmuşdu, çəkisini 70 kq-a saldı ki, iki çəkidə çempion olsun. Amma buna imkan vermədim.

- Bu turnir mötəbərliyinə görə döyüş reytinqində 2-3-cü yerlərdə qərarlaşıb. Artıq UFC-də döyüşmək fikriniz varmı?

- Bundan sonra bir döyüşlük müqaviləmiz var. Şəxsi məşqçim Şəhriyar Abbasovla məsləhətləşəcəyik. Ola bilsin, mübarizəni UFC-də davam etdirək, bu qurumla müqavilə bağlayaq. Yəni, hər şey ola bilər. Bunun yaxın aylarda dəqiqləşəcəyi gözlənilir.

- Daha hansı planlarınız var?

- Pandemiya bitsəydi, bu kəməri Bakıda qoruyardım. Ən böyük hədəfim budur. Qismət olsa, bu kəməri Bakıda qoruyacağam. Qələbəmi 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərimizə və qazilərimizə həsr edirəm. Çünki onların haqqı ödənilməzdir.

Son xəbərlər

Orphus sistemi