Naxçıvanda cüdoçular üçün kəmər imtahanı təşkil olunub

Fərdi
  • 27 aprel, 2026
  • 15:58
Naxçıvanda cüdoçular üçün kəmər imtahanı təşkil olunub

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

"Report"un yerli bürosunun məlumatına görə, tədbir İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində baş tutub.

İmtahanda 86 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdiriblər. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bu mərhələ həm də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.