Paris-2024 medalları yenilənib: MOK-da təqdimat mərasimi keçiriləcək

Fərdi
  • 08 aprel, 2026
  • 14:26
Paris-2024 medalları yenilənib: MOK-da təqdimat mərasimi keçiriləcək

Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançıları – taekvondoçu Qaşım Maqomedov və yunan-Roma güləşçisi Həsrət Cəfərov üçün medal təqdimatı mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, idmançıların Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar sonradan aşınmaya məruz qaldığı üçün yenisi ilə əvəz edilib.

Qaşım Maqomedovun gümüş, Həsrət Cəfərovun isə bürünc medalı artıq yenilənib. Mərasimdə hər iki idmançıya yeni mükafatlar rəsmi şəkildə təqdim olunacaq.

Tədbir sabah, saat 12:00-da MOK-un inzibati binasında baş tutacaq.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan 7 idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedov (97 kq) istisna olmaqla, cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.