“Azərbaycan boksunun 100 illik yubileyinə töhfə vermək istəyirik”.
“Report” xəbər verir ki, bunu boks üzrə Azərbaycan millisinin baş məşqçisi Pedro Roke Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətinə açıqlamasında deyib.
Kubalı mütəxəssis yığmanın hazırlıqları ABŞ-nin Kolorado ştatında davam etdirdiyini bildirib: “Bakıda fiziki məşqlərdən sonra burada texniki-taktiki hazırlıq üzərində işləyirik və toplanış çox yüksək səviyyədə keçir. Boksçularda da əhval-ruhiyyə əladır”.
O, fevralın 1-dək davam edəcək olimpiya çəki dərəcələri üzrə təlim-məşq toplanışının yığma üçün çox faydalı olacağını düşünür: “Boksçularımızın durumu çox yüksək səviyyədədir və hər birindən razıyam. Bütün hazırlıqlar plan üzrə davam edir. Məqsəd Olimpiya Təsnifat Turnirlərinə kimi pik nöqtəyə çatmaq və yaxşı nəticələr əldə etməkdir. İstəyirik ki, daha bir neçə lisenziya qazanaq. Toplanışda ABŞ yığması ilə yanaşı, İngiltərə millisi də iştirak edir. Bir çox dünya çempionları, olimpiya mükafatçısı bizimlə hazırlıq keçir. Birgə toplanış inkişaf baxımından boksçularımızın xeyrinə olacaq. Bir sözlə, lisenziya turnirləri öncəsi çox gözəl imkandır. ABŞ və İngiltərə komandaları ilə 3-4 sınaq döyüşləri də planlaşdırırıq”.
Pedro Roke olimpiya ilində uğur qazanacaqlarına inam ifadə edib: “Gözləntilərimiz müsbətdir. Hələlik 2 lisenziya qazanmışıq və məqsədimiz azı daha 3 vəsiqəyə sahib olmaq, Azərbaycan boksuna yüksək nəticələrlə töhfə verməkdir. Bu il də ölkəmizi layiqincə təmsil edəcəyimizə inanıram. Qarşıda bizi İtaliya və Tailandda 2 təsnifat turniri gözləyir. 7 lisenziyadan ən azı 5-nə sahib olmaq üçün boksçularımız öz şanslarını yoxlayacaqlar”.
Baş məşqçi kimi yığmada bir neçə rekorda sahib olan kubalı vurğulayıb ki, hədəfi Azərbaycan boksunun 100 illik yubileyində Paris-2024 Yay Olimpiya Oyunlarından qızıl medalla qayıtmaqdır: “Bu il boks ailəmiz üçün əlamətdardır. Daim əzmlə çalışırıq ki, yubiley və olimpiya ilində Azərbaycan boksuna bir ilk yaşadaq, olimpiadada himnimizi səsləndirək və Bakıya qızıl medalla qayıdaq. Rio-2016-da buna çox yaxın olduq. Təəssüf ki, çempionluğun bir addımlığında dayandıq. Bu il isə buna çox inanıram. Çünki federasiya, ölkə və xalq bizə çox böyük ümid bəsləyir. Onların güvənini boşa çıxarmamağa və yubileyə xüsusi hədiyyə ilə gəlməyə çalışacağıq”.
Roke artıq lisenziya qazanan Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) xüsusi proqramla hazırlıq keçməyə başladıqlarını deyib. O bildirib ki, olimpiyaçılar ABŞ toplanışında xüsusi diqqətdədirlər: “Onlar da bizimlə Koloradoda təlim-məşq toplanışındadırlar. Nəzarətim altında xüsusi proqramla işləməyə başlamışıq. Paris-2024 Yay Olimpiya Oyunlarının startına qədər hər şeyin yüksək səviyyədə olacağına inanırıq. Toplanışda hələlik əsas diqqətimiz lisenziya əldə etmədiyimiz digər 5 çəki dərəcəsində də vəsiqələrin qazanılması üçün ən yaxşı formanı yığmağa yönəlib”.
Qeyd edək ki, lisenziya xarakterli I Dünya Təsnifat Turniri martın 4-11-də Busto Arsizioda (İtaliya), II Dünya Təsnifat Turniri mayın 26-dan iyunun 2-dək Banqkokda baş tutacaq. Paris-2024 Yay Olimpiya oyunları isə 26 iyul – 11 avqustda keçiriləcək.