Sablya üzrə Macarıstanın paytaxtı Budapeştdəki Dünya Kubokunda qadın iştirakçıların şəxsi yarışında təsnifat mərhələsinin görüşləri keçirilib.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərimizdən qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-ini qalib başa vuran Anna Başta birbaşa əsas mərhələyə vəsiqə qazanıb. O, 1/32 finalda macarıstanlı Kira Keszei ilə qarşılaşacaq.
Qrupda keçirdiyi 5 görüşün 3-dən qalib ayrılan Valeriya Bolşakova da sabah keçiriləcək əsas mərhələyə yüksəlib. Balşakova təsnifat mərhələsinin pley-offunda Gürcüstan sablyaçısı Teodara Kakhiani (15:9) və İspaniya təmsilçisi Mariya Venturanı (15:5) mübarizədən kənarlaşdırıb.
Qılıncoynadan 1/32 finalda rusiyalı Olqa Nikitina ilə üz-üzə gələcək. Qrup mərhələsini 3 qələbə ilə başa vuran Sevil Bünyatova və Səbinə Kərimova təsnifat mərhələsinin pley-offunda mübarizəni dayandırıb. Bünyatova Türkiyə təmsilçisi İrina Şçuka 13:15 hesabı ilə uduzub. Kərimova isə fransalı Marqaux Rifkissə 10:15 hesabı ilə məğlub olub.