"Bu yarışda iştirak etdiyimiz və medal qazandığımız üçün sevinirik".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycanın qrup komandasının bədii gimnastı Ləman Əlimuradova Bakıdakı Dünya Kubokunda bürünc medal qazanmaları barədə danışarkən deyib.
17 yaşlı idmançı bildirib ki, hərəkətlərin mürəkkəbliyini artırmaq üçün bundan sonra daha çox çalışacaqlar: "Sofiyadakı Dünya Kubokundan sonra məşqlərdə həm topla, həm də halqa və gürzlə məşq bazamızı xeyli artırdıq. Amma Tokio olimpiadasınadək daha yaxşı olmaq istəyirik".
Əlimuradova baş məşqçinin komandanın çıxışından razı qaldığını söyləyib: "Performans özümüzün də xoşuna gəldi. Amma bu nəticələrlə kifayətlənmək olmaz".
Qeyd edək ki, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Məryəm Səfərova, Darya Sorokina və Yelizaveta Luzandan ibarət Azərbaycan komandası 5 topla hərəkətlərdə bürünc medal əldə edib.