İlqar Rəhimov: "Zəkiyevin Paris-2024-ə də qatılma ehtimalı böyükdür"

İlqar Rəhimov: "Zəkiyevin Paris-2024-ə də qatılma ehtimalı böyükdür" "İnanıram ki, o, üçüncü dəfə paralimpiya zirvəsini fəth edəcək və ya Tokio, ya da Parisdə üçqat paralimpiya çempionu adını qazanacaq"
Fərdi
160
29 Aprel , 2021 15:48
İlqar Rəhimov: Zəkiyevin Paris-2024-ə də qatılma ehtimalı böyükdür
İlqar Rəhimov

"İlham Zəkiyev Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına ciddi hazırlaşır".

Bu fikirləri "Report"a müsahibəsində Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov deyib.

O, cüdo üzrə ikiqat paralimpiya çempionunun Tokiodakı yarışdan sonra karyerasını bitirmə ehtimalına münasibət bildirib: "Zəkiyevin 41 yaşı var, mübarizə apardığı 100 kq-dan yuxarı çəki dərəcəsində bir çox güclü idmançı peyda olub. Onlar arasında rəqabət çox güclüdür. Paracüdoda B1 və B2 kateqoriyaları var. B1 kateqoriyasına tam görməyənlər aiddir, İlham ora daxildir. B2-dəki idmançılar isə çox ciddi göz xəstəliklərinə malikdirlər. Amma görmə qabiliyyətini tam itirməyiblər. Bunların hamısı birlikdə yarışırlar".

Rəhimov təcrübəli idmançının son zamanlar bir neçə dəfə zədə aldığını da xatırladıb: "Qolundan zədə aldıqdan sonra Türkiyədə əməliyyat olundu. Yavaş-yavaş qolu yerinə oturur. Barmağından xəsarət almışdı. Pandemiyanın da bunda təsiri var. İdmançılar uzun müddət məşq etmədilər, sonra başladılar hazırlaşmağa. Bədən də buna uyğunlaşmalıdır. Amma Zəkiyev 25 - 26 mayda Bakıdakı Qran-priyədək tam hazır olacaq və orada da iştirak edəcək. Zəkiyev artıq Tokio Yay Paralimpiya Oyunları üçün lisenziya məsələsini həll edib. Sonra qaydaların gedişatından asılı olaraq onun karyerası ilə bağlı məsələyə baxacağıq".

MPK rəhbərinin sözlərinə görə, Zəkiyevin idmandan tamamilə getmək fikri yoxdur: "Ola bilsin, gələcəkdə yeni qayda olsun ki, B1-dəki, yəni tamamilə görməyən idmançılar başqa, B2-dəkilər öz aralarında yarışsınlar. Belə olan halda Zəkiyevin 2024-cü il Paris Yay Paralimpiya Oyunlarında çıxış etmə ehtimalı çox böyükdür. Baxmayaraq ki, həmin vaxt 45 yaşa yaxınlaşacaq. Əsas yaş deyil, ürək və istəkdir (gülür). İlhamda da bunlar çox böyükdür. İnanıram ki, o üçüncü dəfə paralimpiya zirvəsini fəth edəcək və ya Tokio, ya da Parisdə üçqat paralimpiya çempionu adını qazanacaq".

Qeyd edək ki, Tokio Yay Paralimpiya Oyunları bu il 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.

Son xəbərlər

Orphus sistemi