İlin Döyüşkən İdmançısı və İdman Qurumu təltif olundu

İlin Döyüşkən İdmançısı və İdman Qurumu təltif olundu İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2020" layihəsində daha 2 nominasiya üzrə fərqlənənlər mükafatlandırılıb.
Fərdi
989
31 Dekabr , 2020 12:26
İlin Döyüşkən İdmançısı və İdman Qurumu təltif olundu

Tədbirdən CUDO TV-nin hazırladığı VİDEO əlavə olunub.

30 dekabr 21:48

İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2020" layihəsində daha 2 nominasiya üzrə fərqlənənlər mükafatlandırılıb.

"Report"un məlumatına görə, İLİN DÖYÜŞKƏN İDMANÇISI seçilən şəhid cüdoçu Cəbrayıl Dövlətzadə və İLİN DÖYÜŞKƏN İDMAN QURUMU adına layiq görülən Azərbaycan Cüdo Federasiyası (ACF) təltif olunub.

Sumqayıtın Corat qəsəbəsində şəhidin barelyefi önündə baş tutan tədbirdə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, cüdo federasiyasının baş katibi Elmar Babanlı, karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev və yerli idmançılar iştirak ediblər.

Əvvəlcə şəhidin barelyefi önünə gül dəstələri qoyulub, onun xatirəsi yad edilib. Daha sonra tədbir iştirakçıları Cəbrayıl Dövlətzadə haqqında xatirələrini bölüşüb, onunla fəxr etdiklərini bildiriblər.

Ardınca mükafatlandırılma tədbiri olub. İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov ilin döyüşkən idmançısı üçün hazırlanan plaketi şəhidin atası Dövlət Dövlətzadəyə təqdim edib.

Tədbirdə çıxış edən E.Məmmədov koronavirus pandemiyası və müharibə səbəbindən bu ilki mükafatlandırmanın fərqli təşkil olunduğunu bildirib: "44 günlük Vətən müharibəsində böyük qələbə qazandıq. Bundan sonra düşündük ki, bu ilin ən böyük qalibi elə Azərbaycan Ordusudur. Bu zəfər həm ön cəbhədə hərbçilərimizin şücaəti, həm də arxa cəbhədən verilən dəstək sayəsində əldə edildi. Hamı bir nəfər kimi əlindək gələni etdi".

Dövlət Dövlətzadə qəhrəman övladı ilə fəxr etdiyini vurğulayıb: "Cəbrayıl öz igidliyi ilə dünyaya səs saldı. Gəlib onu yad edirsiniz, çox sağ olun. Övladıma xalq tərəfindən bu cür qiymət verildiyi üçün təşəkkür edirəm. Corat qəsəbəsi Vətən müharibəsində 10 şəhid verib. Onların hamısı bizim üçün eynidir. Azərbaycanın şəhidləri bizim balalarımızdır. Şəhidlərimiz, qazilərimiz hər zaman xalqın diqqətində olub".

Daha sonra Elşən Məmmədov ACF üçün hazırlanmış plaketi qurumun baş katibi Elmar Babanlıya təqdim edib. İAM sədri sorğuda iştirak edən 51 KİV-in böyük əksəriyyətinin sözügedən federasiyanı seçdiyini xatırladıb. E.Babanlı obyektiv araşdırmaya və səsvermənin şəffaf təşkilinə görə İdman Araşdırmalar Mərkəzinə minnətdarlığını bildirib: "Federasiyamız, idmançılarımız, məşqçilərimiz, hakimlərimiz hər il ənənəvi olaraq, bu təşkilatın müxtəlif nöminasiyaları üzrə qalib olurlar. Bu ilki əlamətdar səsvermənin nəticəsində də ilin döyüşkən idman qurumu seçildik. Biz bununla fəxr edirik, qürur duyuruq və bundan sonra da istər idman, istərsə də Vətənimizin bütövlüyü uğrunda fəaliyyətimizi tam əzmkarlıqla davam etdirəcəyik".

Babanlı 2021-ci ildə Dövlətzadənin xatirəsinə turnir keçirməyi planlaşdırdıqlarını da diqqətə çatdırıb.

Qeyd edək ki, layihənin informasiya dəstəkçisi "Report" İnformasiya Agentliyi, baş sponsoru Azərbaycanın yeganə qanuni mərc oyunları saytı "eTopaz", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "İl Azero", təşkilati dəstəkçisi isə Bakı Olimpiya Stadionudur.

Son xəbərlər

Orphus sistemi