İdman Araşdırmalar Mərkəzi "İlin qalibləri"ni mükafatlandırıb - FOTO - YENİLƏNİB

İdman Araşdırmalar Mərkəzi "İlin qalibləri"ni mükafatlandırıb - FOTO - YENİLƏNİB Qurban Qurbanov: "Barəmdə o qədər xoş sözlər söylənildi ki, bundan sonra bizə işləmək qalır"
Fərdi
13 Dekabr , 2017 18:11
İdman Araşdırmalar Mərkəzi İlin qaliblərini mükafatlandırıb - FOTO - YENİLƏNİB
Report/ Orkhan Azim

Bakı. 13 dekabr. REPORT.AZ/ İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2017" layihəsi çərçivəsində "9 ilə 13" adlı mükafatlandırma mərasimi keçirilib.

"Report" xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə, ümumilikdə, 17 mükafat sahibini tapıb. Tədbir İtaliyanın paytaxtında "Roma" ilə "Qarabağ" arasındakı oyundan öncə orkestrin ifasında Çempionlar Liqasının himninin səsləndirilməsi ilə başlanıb. 

Açılış sözü ilə çıxış edən İAM-ın sədri Elşən Məmmədov bildirib ki, səsvermədə 60 KİV orqanı iştirak edib. Onun sözlərinə görə, seçim zamanı aktivlik müşahidə olunub: “Dəvətimizi qəbul etdiyiniz üçün hər birinizə təşəkkür edirik. Artıq 5-ci ildir ki, qalibləri açıqlayırıq. İlk dəfə 34 KİV iştirak etmişdisə, bu dəfə 60 media qurumu səsverməyə qatılıb. Bu il ilk dəfə olaraq, ali nominasiyamız var. Bu, futbol üzrə İlin baş məşqçisi nominasiyasıdır. Burada sorğu keçirməyə ehtiyac duymadan birbaşa qalibi elan etməyi qərara aldıq. Bəzi nominasiyalarda, xüsusən ilin idmançısı və futbolçusu seçimində ciddi rəqabət oldu. Bəzilərində isə aşkar üstünlük müşahidə etdik".

E.Məmmədovun sözlərinə görə, tədbirin adının “9 ilə 13” olması təsadüfi deyil. Qurban Qurbanov 9 ildir “Qarabağ”ın baş məşqçisidir, çıxış etdiyi klublarda 9 və 13 nömrəli formaları geyinib. Həmçinin tədbir dekabrın 13-də keçirilir və saat 13:00-da start götürüb. Bu haqda daha sonra ətraflı məlumat verəcəyik”.

Daha sonra mükafatlandırma başlanılıb. Öncə xüsusi mükafatların sahibləri səhnəyə dəvət olunublar. Sponsorlar "Aloff Made in Azerbaijan" və "Tess" şirkətlərinə mükafatları E.Məmmədov təqdim edib. "Report" İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev bu yaxınlarda 20 illik yubileyini qeyd etmiş "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmlini təbrik edib. İlin fəal fotoqrafı nominasiyasında qalib olan "Report"un əməkdaşı Firudin Səlimovu AFFA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Firuz Abdulla mükafatlandırıb.

"CBC Sport"un "Üçüncü hissə" verilişi "İlin idman verilişi" kimi mükafatlandırılıb. Mükafatı verilişin aparıcısı Elnur Məmmədliyə "İdman" qəzetinin baş redaktoru, əməkdar jurnalist Qabil Mehdiyev təqdim edib. Media ilə sıx və səmərəli əməkdaşlığa görə "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov "Bakı" futbol klubunun vitse-prezidenti Yaşar Seyidov tərəfindən mükafatlandırılıb. İlin idman qurğusu kimi Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayevi isə deputat Fazil Mustafa təltif edib.

Ardından Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev ilin yekunları haqda fikirlərini bölüşüb: “Azərbaycanda idman siyasəti özünü göstərməkdə davam edir. Azərbaycan prezidenti tərəfindən idman ictmaiyyətinin nümayəndələrinə xüsusi adların, medalların verilməsi ənənə halı alıb. Bu cür stimullu təbirlərin sayı çoxalarsa, daha yaxşı olar. Bu ili İslam Həmrəyliyi ili kimi başa vururuq. “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları bütün dünyaya səs saldı. Burada yaxşı nailiyyətlərimiz oldu. Xüsusən komanda idman növlərində də uğurlarımız var. “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını da qeyd edərdim. Qurban Qurbanova Azərbaycan millisinin baş məşqçisi kimi də uğurlar arzulayıram".

Nominasiya qaliblərinin təltif edilməsi zamanı əvvəlcə səhnəyə ilin idmançısı - sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev dəvət edilib. İAM-ın sorğusunda ikinci dəfə bu ada sahib olan Əliyevə mükafatı Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov təqdim edib. Nominant çıxışında deyib: “Bu cür dəyərli insanlarla bir yerdə olduğum üçün sevinirəm. Məni İlin idmaçısı seçdiyiniz üçün hamınıza təşəkkür edirəm. Bundan sonra da uğurların davamını gətirməyə çalışacağam. Düşünürdüm ki, rəqabət mənimlə Şəhriyar Məmmədyarov ararsında deyil, boks üzrə üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov arasında olacaq".

Futbol üzrə İlin komandası nominasiyasında qalib olan "Qarabağ"ı Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov təbrik edib.

Digər növlər üzrə ilin baş məşqçisi seçilən Fərhad Məmmədovu Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev təbrik edib.

İlin futbolçusu nominasiyasında isə ardıcıl ikinci il "Qarabağ"ın kapitanı və Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadıqov fərqlənib. Təcrübəli müdafiəçi hazırda İtaliya "Roma"sının düşərgəsində olduğundan, videomüraciəti səsləndirilib: "Tədirdə işirak edə bilmirəm, üzrlü sayın. Mənə etimad göstərən, səs verən jurnalistlərə təşəkkür edirəm. Digər qalibləri də ürəkdən təbirik edir, hamıya işlərində uğurlar arzulayıram".

Sadıqovun adından mükafatı "Qarabağ"ın gənc müdafiəçisi Abbas Hüseynov qəbul edib. Onu Mətbuat Şurasının sədri Əflatun Amaşov mükafatlandırıb. Amaşov deyib: "SSRİ dönəmində Yay Olimpiya Oyunlarında çox az idmançımız medal qazanırdı. Təqribən, 25-30 medal əldə edirdik. Milli idmançıların sayı az idi. Lakin müstəqillikdən sonra medallarımızın sayı çox olub. Bu da Azəraycan xalqının potensialından irəli gəlir. İdman bizim pasportumuzdur. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov milli qəhrəmanımızdır. Komandası bəzi oyunlarda çox qol buraxsa da, özləri də qol vurdular, xal topladılar. Əsas budur. Azərbaycan jurnalistləri və xalqımız adından sizə minnətdaram. Xalqmıza nəyə qadir olduğu və uğurun yolunu göstərdiniz. Dəvətə görə təşəkkür edirəm”.

İlin əcnəbi idmançısı seçilən "Qarabağ"ın və CAR millisinin hücumçusu Dino Ndlovunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Firdovsi Umudov mükafatlandırıb. Ndlovu belə bir mükafata sahib olmasını özü üçün gözlənilməz adlandırıb: "Bu, təkcə mənim uğurum deyil, komandanın nailiyyətidir. Mükafata görə təşəkkür edirəm".

İlin idman xadimi nominasiyasında qalib olan "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl hazırda ölkədə olmadığından onun adından səhnəyə dəvət olunan Asif Əsgərovu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov mükafatlandırıb. Mükafatı klubun baş meneceri Asif Əsgərova təqdim etdikdən sonra Abbasov deyib: "Ev sahibliyi etdiyimiz IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı növbəti dəfə idman ölkəsi kimi tanıtdı. Bundan başqa ev sahibi olduğumuz, iştirak etdiyimiz bir sıra yarışlar oldu. Həmçinin müəyyən nüfuzlu çempionatlarda ev sahibliyi hüququna sahib çıxdıq. Fərid Qayıbov Avropa Gimnastika Federasiyasını prezidenti seçildi. “Qarabağ”ın da davamlı uğurunu vurğulayardım. Ənənəlirmiz, nailiyyətlərimiz var. Tədbir üçün İAM-a təşəkkür edirəm. Ardıcıl 5-ci ildir keçirilir və davamlı olmasını arzulayıram. 60 KİV arasında seçim aparılıb. Demək ki, ortaq qərardır, dəyərlidir”.

Əsgərov isə deyib: "Bizi bu cür nominasiyalara laiq gördüyünüz üçün təşəkkür edirik. Bu, Qurban Qurbanov yaratdığı komandadır. Şərəf duyuruq ki, Azərbaycanda Çempionlar Liqasının himninin səslənməsində “Qarabağ”ın adı keçdi".

İlin ən nüfuzlu yarışı nominasiyasında qalib olan "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarını millət vəkili Adil Əliyev təbrik edib. A.Əliyev mükafatı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərova təqdim edib. O daha sonra deyib: "Çox mötəbər tədbir təşkil olunub. İAM Azərbaycan idmanında zəhməti olan şəxsləri bura toplayıb. Hər birinizi görməyə şadam, hamımızı təbrik edirəm. Qurban Qurbanovun gördüyü iş onun millətinə, vətəninə qədər bağlı olduğunu göstərdi. Ali baş komandanımızın idman siyasətini dəstəkləməliyik".

İlin yazarı nominasiyasında qalib olan "komanda.az"ın əməkdaşı Elnur Həmidovu Peşəkar Futbol Liqasının Media və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev təbrik edib. Həmidov bu mükafatı bütün jurnalistlərə verilən dəyər kimi qəbul etdiyini və onların adından götürdüyünü söyləyib.

Nəhayət, mükafat ali nomasiya üzrə İlin baş məşqçisi Qurban Qurbanova təqdim olunub. Səhnəyə dəvət olunan idman jurnalisti, sport24.az saytının redaktoru Mehman Süleymanov tədbirin adındakı 9 və 13 rəqəmlərinin Qurban Qurbanov üçün bir çox cəhətdən əlamətdar olduğunu bildirib: "Bugünkü tədbirimizin adının “9 ilə 13” seçilməyi heç də təsadüfi deyil. Çünki bu rəqəmlər “Qarabağ”ın və artıq milli komandamızın da baş məşqçisi olan Qurban Qurbanov üçün xüsusi rəqəmlərdir. İdman Araşdırmalar Mərkəzinin (İAM) futbol məşqçisi üçün Ali nominasiyası ilin ən yaxşıları arasında sayca 9-dur. Tədbir isə ayın 13-ü saat 13:00-a salınıb. Ümumiyyətlə, Qurban müəllimin karyerasına nəzər salsaq, həm 9-un, həm də xüsusilə 13-ün izi var. Hər birinizə məlumdur ki, 13-ü, adətən, nəhs, düşərsiz, uğursuz rəqəm sayırlar. Ancaq Qurban Qurbanov bu nömrəyə olan bağlılığı ilə bu simptomları alt-üst edib. Karyeranızda uzun illər 9-la oynadı, son illərində 13-ə keçdi, mobil telefonunun, avtomobilinin nömrəsində 13-lər yan-yanadır, ancaq maşallah, hər şey qaydasındadır, uğurlar da onu daban-dabana izləyir. Qurban müəllim 1972-ci ilin aprelin 13-də Zaqatalanın Aşağı Tala kəndində dünyaya gəlib. Bildiyiniz kimi, yerli “Daşqın”ın yetirməsidir və onun heyətində ilk milli çempionatda 23 oyunda 13 qol vurub. 1997/1998 mövsümündə “Neftçi”nin heyətində 13 oyun keçirib. Hazırda onun titul sayı da 13-dür – futbolçu kimi “Turan” 1, “Neftçi” 4, “Qarabağ” 8. “Qarabağ” futbol tariximizə qızıl həfrləri yazılan Çempionlar Liqasının qrupuna düşməyə məhz Avropada 13-cü mövsümündə nail olur. Şəxsi göstəricilərində də 13-ün izini tapmaq olar – 8 dəfə “Komanda” qəzeti ilə, artıq 4-cü dəfə İAM-la, 1996/1997 çempionatın bombardiri kimi 34 qolla bombardir, 2003-cü ildə ilin ən yaxşı futbolçusu olub. 9-a gəlincə, Qurban müəllim artıq 9 ildir “Qarabağ”dadır. Məhz 9-cu sinifdə oxuyarkən ilk müəllimi Şaban Şirdanov onu “Daşqın”a gətirir və 9-cu sinfi bitirəndə həmin klubda əsas heyətdə oynamağa başlayır. 1993/1994 mövsümündə ilk çempionluğu qazandığı “Turan”ın heyətində 29 oyunda 9 qol vurur, 1996-cı ildə “Turan”ın 15 oyunda, 1997/1998 mövsümündə 13 oyunda 9 qol (hər ikisini birləşdirib), 2001/2002 mövsümündə isə “Neftçi”nin heyətində 14 oyunda 9 qol vurub”.

Bu çıxışın ardından səhnəyə dəvət alan Qurban Qurbanovu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev təbrik edib. Qurbanov mükafatı aldıqdan sonra deyib: "Tədbirdən öncə çox danışacağımı düşünürdüm. Amma barəmdə o qədər xoş sözlər söylənildi ki, bundan sonra bizə işləmək qalır. Hər birinizə təşəkkür edirəm”.

"İlin Qalibləri-2017" tədbirində təqdim olunan bütün nominasiyalar:

Ali nominasiya

İlin məşqçisi - Qurban Qurbanov

Nominasiyalar üzrə qaliblər bunlardır:

1. İlin idman xadimi – Tahir Gözəl, “Qarabağ”ın vitse-prezidenti

2. İlin idmançısı – Hacı Əliyev, sərbəst güləş üzrə üçqat dünya çempionu

3. İlin əcnəbi idmançısı – Dino Ndlovu, “Qarabağ”ın futbolçusu

4. İlin futbolçusu – Rəşad Sadıqov, “Qarabağ”ın kapitanı

5. İlin komandası (futbol və digər) “Qarabağ” və şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası

6. İlin baş məşqçisi (digər növlər üzrə) – Fərhad Məmmədov, cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi

7. İlin ən nüfuzlu yarışı – “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları

8. İlin yazarı – Elnur Həmidov, Komanda.az saytı

Xüsusi mükafatlar:

1. ALOFF şirkəti və TESS çayı - tədbirə verdiyə dəstəyə görə təşəkkürnamə

2. Futbol+ 20 - fəxri fərman

3. 3-cü hissə - ilin idman verilişi

4. Firudin Səlimov - ilin fəal fotoqrafı

5. İlin idman qurğusu – Bakı Olimpiya Stadionu

6. Media ilə sıx əməkdaşlığa görə - Nurlan İbrahimov, “Qarabağ” klubunun mətbuat katibi


*** 13:29

İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin qalibləri-2017" layihəsi çərçivəsində "9 ilə 13" adlı mükafatlandırma mərasimi keçirilir.

“Report”un məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə ümumilikdə 17 mükafat sahibini tapıb.

Ali nominasiya

İlin məşqçisi - Qurban Qurbanov

Nominasiyalar üzrə qaliblər bunlardır:

İlin idman xadimi – Tahir Gözəl, “Qarabağ”ın vitse-prezidenti

İlin idmançısı – Hacı Əliyev, sərbəst güləş üzrə üçqat dünya çempionu

İlin əcnəbi idmançısı – Dino Ndlovu, “Qarabağ”ın futbolçusu

İlin futbolçusuRəşad Sadıqov, “Qarabağ”ın kapitanı

İlin komandası (futbol və digər) - “Qarabağ” və şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası

İlin baş məşqçisi (digər növlər üzrə) – Fərhad Məmmədov, cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi

İlin ən nüfuzlu yarışı – “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları

İlin yazarı – Elnur Həmidov, Komanda.az saytı

Xüsusi mükafatlar:

Tədbirə verdiyə dəstəyə görə təşəkkürnamə - ALOFF şirkəti və TESS çayı

Fəxri fərman - Futbol+ 20

İlin idman verilişi - 3-cü hissə 

İlin fəal fotoqrafı - Firudin Səlimov

İlin idman qurğusu – Bakı Olimpiya Stadionu

Media ilə sıx əməkdaşlığa görə - Nurlan İbrahimov, “Qarabağ” klubunun mətbuat katibi

Son xəbərlər

Orphus sistemi