Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayacaq
- 28 fevral, 2026
- 09:30
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməyəcək.
"Report"un məlumatına görə, olimpiya çempionu 1/16 finalda Arun Kumarla (Hindistan) görüşə cıxmayacaq.
H.Heydərovun hansı səbəbdən tatamiyə çıxmayacağı hələlik bəlli deyil.
Bu gün Azərbaycanın dörd cüdoçusu sözügedən yarışda mübarizəyə başlayacaq. Kamran Süleymanov (73 kq) 1/32 finalda yaponiyalı Şusuke Uçimura ilə, Ömər Rəcəbli (81 kq) 1/16 finalda rumıniyalı Adrian Sulka ilə, Fidan Əlizadə (63 kq) eyni raundda özbəkistanlı Sevinç İsokova ilə, Südabə Ağayeva (70 kq) isə rusiyalı Kamila Badurova ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Böyük Dəbilqə" martın 1-də başa çatacaq. Ötən gün Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal qazanıb.