Gimnastika federasiyası ilin hesabatını təqdim etdi

Gimnastika federasiyası ilin hesabatını təqdim etdi Azərbaycan Gimnastika Federasiyası (AGF) 2020-ci il üçün hesabatını təqdim edib.
Fərdi
30 Dekabr , 2020 10:11
Gimnastika federasiyası ilin hesabatını təqdim etdi

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2020-ci il üçün hesabatını təqdim edib.

"Report" xəbər verir ki, hesabatda qazanılan uğurlar, ölkədə keçirilmiş tədbirlər və digər hadisələr öz əksini tapıb:

"2020-ci il bütün dünyada olduğu kimi ölkəmiz üçün də gözlənilməz hadisələrlə yadda qalıb. AGF-nin aktiv fəaliyyəti yenidən Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən yüksək qiymətləndirilib. 2019-cu ilin nəticələrinə əsasən AGF bir daha “Mükafatlandırılan Federasiyalar”ın siyahısında 1-ci olub. Federasiya 6 il ardıcıl olaraq (2014, 2015, 2016, 2017, 2018, 2019) FIG-nin 10 ən güclü federasiyalarının siyahısında yer alıb, son üç ildə isə həmin siyahıya liderlik edib.

Bu il gimnastika tədbirləri ilə zəngin olmağı vəd etsə də, bütün dünyanı bürüyən koronavirus pandemiyası səbəbi ilə bir çox yarışlar ləğv edildi və ya təxirə salınıb. Bütün idman ictimaiyyətinin səbirsizliklə gözlədiyi Olimpiya Oyunları belə növbəti ilə keçirilib.

Pandemiya Azərbaycan Gimnastika Federasiyasının (AGF) fəaliyyətindən də təsirsiz ötüşməyib. Federasiyasının təşkil edəcəyi 1 beynəlxalq yarış ləğv edilib, Dünya Çempionatı da daxil 3 yarış təxirə salınıb, 2 Avropa Çempionatının keçirilməsi isə Bakıdan digər ölkəyə köçürülüb.

Bütün bunlara baxmayaraq, Milli Gimnastika Arenası (MGA) ilin əvvəlində 3 yarışa ev sahibliyi etməyə nail olub. İlk olaraq, batutçular Olimpiya Oyunlarına təsnifat xarakterli Dünya Kuboku üçün ölkə paytaxtına təşrif buyurublar. Daha sonra gənc kişi idman gimnastları MGA-da 1-ci “AGF Junior Trophy” turnirində mübarizə aparıblar. Azərbaycan təmsilçiləri bu yarışda fərqlənməyi bacararaq yığma hesabına 2 gümüş və 1 bürünc medal qazanıblar.

Bunun ardınca Bakıda Olimpiadaya lisenziya xarakterli daha bir yarış – idman gimnastikası üzrə Dünya Kuboku təşkil edilib. Lakin, koronavirus xəstəliyi ilə əlaqədar Azərbaycanda qəbul edilmiş təxirəsalınmaz qabaqlayıcı tədbirlərlə bağlı bu kubokun final mərhələləri ləğv edilib. Təsnifat mərhələsində idmançıların qazandıqları xalların final nəticələri kimi qəbul olunduğu bu yarışda Azərbaycanın qadın idman gimnastı Marina Nekrasova bürünc medal əldə edib.

2020-ci ildə ölkə gimnastları üçün ən uğurlu hadisə Ukraynada təşkil edilmiş bədii gimnastika üzrə Avropa Çempionatında iştirak idi. Bədii gimnastlar bu yarışda üçqat uğura imza atdılar. Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komanda çoxnövçülükdə gümüş medala layiq görülüblər. Bu medal Azərbaycanın bədii gimnastika tarixində qrupumuzun çoxnövçülükdə qazandığı ilk medaldır.

Daha bir medalı - "bürünc”ü qrup komandası 3 halqa və 2 cüt gürzlə final çıxışlarına görə əldə ediblər. Növbəti medal isə komanda hesabında qazanılıb. Qrup və gənc gimnastlar (Nərmin Bayramova, Alina Gözəlova, İlona Zeynalova, Leyli Ağazadə) topladıqları xalların cəminə əsasən bu proqram üzrə də bürünc medal əldə olunub.

Yığma komanda üzvlərimizin çempionatda çıxışları zamanı istifadə etdikləri geyimlər isə azarkeşlər, gimnastika mütəxəssisləri, eləcə də dünya mediası daxil hər kəsin diqqətini cəlb edib və uzun müddət sosial şəbəkələrdə geniş müzakirə olunub.

Mart ayından etibarən bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da karantin rejimi elan edilib. Karantin dövründə bir sıra kütləvi tədbirlərlə yanaşı idman yarışlarının da keçirilməsi, o cümlədən idman zallarında məşqlər qadağan edilib. Lakin buna baxmayaraq karantin dövründə sağlamlığı qorumaq, immuniteti gücləndirmək və səhhəti gümrah saxlamaq üçün əhaliyə gündəlik idmanla məşğul olmaq, fiziki aktiv olmaq tövsiyyə olundu. AGF də bunu nəzərə alaraq bir sıra layihələr həyata keçirib. İnsanların öz evində rahat idman etmələri üçün hər gün peşəkar məşqçilər tərəfindən səhər gimnastikası təqdim edildi və hamıya əlçatan olması üçün federasiyanın sosial şəbəkə hesablarında yayımlanıb. Bundan əlavə səhər gimnastikası yerli TV kanalla əməkdaşlıq çərçivəsində televiziya vasitəsi ilə də geniş əhali kütləsinə təqdim edilib. AGF, həmçinin əhalinin gimnastika ilə düzgün şəkildə məşğul olaraq sağlam qalması üçün vaxtaşırı maarifləndirci video-çarxlar də çəkərək, sosial şəbəkə hesablarında paylaşır.

Karantində idman zalları bağlı olsa da, gimnastlar məşqlərini evdə davam etdirdilər. İdmançılarla çalışan məşqçilər və xoreoqraflar isə daim onların məşqlərini nəzarətdə saxlayaraq, evdə məşq zamanı fiziki formalarını qorumaları üçün müntəzəm olaraq məsləhətlər verirdilər. Gimnastlar onlayn yarışlarda iştirak edərək, mükafatçılar sırasına daxil olmağı da bacarıblar.

Evdə onlayn təlimlər keçdikləri müddətdə gimnastika növlərinin nümayəndələri bir sıra maraqlı və əyləncəli onlayn müsabiqə və “challenge”lərdə iştirak ediblər, həmçinin özləri də kreativ təşəbbüslərlə çıxış ediblər.

Karantin günlərinin davam etdiyi bir dövrdə xarici ölkələrin gimnastları üçün onlayn ustad dərsləri də təşkil edilib. Bu cür təlimlər məşqçi və xoreoqraflarla yanaşı bədii gimnastika üzrə yığmanın gimnastları tərəfindən də keçirilib. Bu ustad dərslərindən Polşa, Slovakiya, Latviya, Hindistan, Misir, Braziliya, Monteneqro, Meksika, Argentina, Filippin və bir sıra digər ölkə təmsilçiləri faydalanıb.

Bu müddətdə həmçinin Azərbaycan və İsrailin bədii gimnastika üzrə yığma komandalarının çox maraqlı ilk birgə onlayn yarışması baş tutub. “Battle” adlanan bu yarışda hər iki ölkənin Tokio-2020 Olimpiadasına lisenziya qazanmış komandaları iştirak edib. Yarışmanın məqsədi karantin günlərinin davam etdiyi və gimnastika yarışlarının olmadığı bir zamanda gimnastlara yarış əhval-ruhiyyəsini yenidən yaşatmaq, onlayn da olsa, birgə maraqlı vaxt keçirərək əylənmək olub.

AGF hər zaman olduğu kimi bu il də məşqçi və hakimlərin ixtisaslarının artırılmasını diqqətdə saxlayıb. Belə ki, ilin əvvəllərində yerli hakim və məşqçilər üçün gimnastika növləri üzrə kurslar təşkil edilib.

Bundan başqa Azərbaycanın “TeamGym” üzrə hakimləri Avropa dərəcələrini artırıblar. İyulun sonlarında keçirilmiş bu növ üzrə onlayn hakimlik imtahanlarında iştirak edən təmsilçilərimiz İnara İsrafilbəyova və Akif Kərimli 3-cü hakimlik dərəcəsinə kimi yüksəliblər.

AGF tərəfindən bu il həm də ilk dəfə “Gimnastika hamı üçün” növünə aid məlumat xarakterli vebinar təşkil edilib. Gimnastika mütəxəssislərinin və bu gimnastika növü ilə tanış olmaq istəyən şəxslərin böyük marağına səbəb olmuş vebinarda iştirak üçün ümumilikdə 84 nəfər qeydiyyatdan keçib. İştirakçılar arasında ölkənin müxtəlif şəhər və rayonları - Qax, Zaqatala, Balakən, Qusar, Şirvan, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan və digər bölgələrdən olan təmsilçilər yer alıb.

Yola saldığımız il bütün dünya ölkələri üçün olduğu kimi Azərbaycan üçün də fərqli bir il olub. Qarşımıza çıxmış müəyyən məhdudiyyətlər və çətinliklərə baxmayaraq, bu ildə həm də yenilikləri sınaqdan keçirdik və yeni bacarıqlar əldə etdik. Qarşıda isə bizi mühüm gimnastika tədbirləri ilə zəngin yeni bir il gözləyir. Odur ki, növbəti ildə hər kəsə möhkəm sağlamlıq, işlərində uğurlar və bizimlə olmağı arzu edirik".

Son xəbərlər

Orphus sistemi