"Azərbaycan bütün dünyaya yarışları necə keçirmək lazım olduğunu göstərdi".
"Report" xəbər verir ki, bunu Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Bakıda təşkil olunmuş dünya çempionatı ilə bağlı danışarkən deyib.
O, mundialın yüksək səviyyədə keçirildiyini bildirib: "Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qrill də Bakıda bütün dünya çempionatlarından ən yaxşı səviyyədə yarışın təşkil olunduğunu vurğuladı. Atıcılıq olimpiya idman növüdür, həm də digərləri kimi maraqlıdır".
Emin Cəfərov Azərbaycan atıcılarının çıxışına da toxunub: "Bu turnirdə üç medal qazanmışıq. Sonuncu dəfə dünya çempionatında qızıl medalı 2001-ci ildə Zemfira Meftahətdinova əldə etmişdi. Bundan əlavə, qeyd etməliyəm ki, dünya çempionatlarında ilk dəfə bu sayda mükafata sahib çıxırıq. Daha əvvəl ən çox iki medal qazanmışdıq. Cənubi Koreyada gənclər arasında baş tutan mundialda isə iki mükafat əldə olunub. Bu isə bizdə irəliləyişin olduğunu göstərir. Komandamız da gəncləşir. Ruslan Lunyov kimi güclü idmançılarımız var. Daha yaxşı nəticə göstərə bilərdilər. Bu, bir az psixoloji idman növüdür. Tam istədiyimiz kimi olmasa da, nəticədən razıyıq".