Ötən gün koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn edilib.
"Report"un məlumatına görə, mərhum Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapışırlıb.
Dəfndə mərhum yaxınları, jurnalistlər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. E.Əşrəfoğlu oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.
Xatırladaq ki, Elnur Əşrəf oğlu Şükürov 1974-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsini bitirib. Jurnalist fəaliyyətinə 1992-ci ildə başlayıb. O, uzun illər AzTV-də çalışıb.
1995-ci ildə İsraildə müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb.
2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, daha sonra "Neftçi" futbol klubunun sözçüsü və klub prezidentinin müşaviri vəzifələrində işləyib.
2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibin müavini təyin olunmuşdu.
Allah rəhmət eləsin!