"23 ildir güləşdəyəm, amma hələ gümüş medal qazanmamışam".
"Report"un məlumatına görə, bunu Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatından qızıl medalla qayıdan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandırarkən deyib.
55 kq çəki dərəcəsində çıxış edən 30 yaşlı idmançı müxtəlif yarışlarda ya qızıl, ya da bürünc medallar qazandığını vurğulayıb: "Yarımfinalda uduzuramsa, üçüncü yer uğrunda görüşdə qələbə qazanıram. Finala çıxanda isə qızıl medal əldə edirəm. Bu dəfə də ənənə davam etdi və çempion oldum. Son 3 qitə çempionatının yarımfinalında uğursuzluqla üzləşmişdim. Bunu hansısa səbəbə bağlamaq istəmirəm. Qismət belə imiş. Amma bu il yarımfinalda və finalda qələbə qazana bildim".
Əzizli Budapeştdəki yarışın tək özü yox, komanda yoldaşları üçün də yaxşı keçdiyini söyləyib: "Yarış rekordlarla dolu oldu. Komanda hesabında tarixdə ilk dəfə qitənin ən güclüsü adına layiq görüldük. Bundan əlavə, yunan-Roma güləşində 3 qat Avropa çempionumuz olmamışdı. Rafiq Hüseynov bu rekorda imza atdı. Sonuncu nailiyyətimlə Avropa çempionatlarında ən çox medal əldə edən Azərbaycan yunan-Roma güləşçisi oldum".
Təcrübəli pəhləvanın sözlərinə görə, bu uğurların ardını gətirmək lazımdır: "Növbəti il bizim üçün çox vacibdir. Olimpiadaya lisenziya xarakteri daşıyan turnirlər həmin vaxt başlayacaq. Bu il də çox vacib yarışlar var. V İslam Həmrəyliyi Oyunları, dünya çempionatı və Bakıda Dünya Kuboku gerçəkləşəcək. Qazandığımız uğurlarla arxayınlaşmamalıyıq".
2018-ci ildə də eyni ölkədə dünya çempionu olmuş güləşçinin sözlərinə görə, komandadakı gənclərin öz sözlərini demələri sevindirici haldır: "Bu, o deməkdir ki, mən və digər idmançılar idmandan uzaqlaşandan sonra güləşimiz sağlam əllərdə olacaq".
63 kq çəkidə bürünc medala sahib çıxan Taleh Məmmədov komanda hesabında çempion olduqları və güləşdə yeni tarix yazdıqları üçün Azərbaycan xalqını, güləşsevərləri təbrik edib: "Təəssüratlarım çox yaxşıdır. Məqsədim qızıl medal qazanmaq idi. Daha əvvəl gümüş və bürünc medala sahib çıxmışdım. Ölkəm və özüm qızıl medal əldə etmək istəyirdim. Qismət olmadı. Zədələr finalda istədiyim kimi güləşməyə imkan vermədi. Qarşıdakı yarışlarda qızıl medal qazanmaq istəyirəm".
Məmmədov yarımfinal görüşündə Ermənistan təmsilçisi Hraçya Poqosyanla arasında baş vermiş insidentə də toxunub: "Onun döşəkdə etdikləri mənə təsir göstərmirdi, idmançıya yaraşmayan hərəkətlər idi. Ötən il Poqosyanı Avropa çempionatında məğlub etmişdim. Bu yarışda da ondan üstün olduğumu həzm edə bilmədi. Mən də ona qarşı artıq hərəkət etsəydim, yarışdan çıxarıla və medalsız qala bilərdim. Avropa çempionatına yaxşı hazırlaşmışdım. Səbr etdim və qələbə qazanaraq onun cavabını verdim".